BAKI, 3 mart. TELEQRAF

Təhsil sisteminin müxtəlif sahələri üzə müəyyən boşluqlar və çatışmazlıqlar hələ də qalmaqdadır.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunub ki, müəllim çatışmazlığı və ya şagird azlığı səbəbindən regionlarda bəzi orta ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi həyata keçirilir.

Xüsusən ucqar kənd məktəblərində müəyyən siniflər birləşdirilməklə dərs saatı hər sinif üçün müvafiq olaraq yarıya bölünür və nəticədə eyni müəllim bir neçə sinfi birləşdirərək tədris aparmağa məcbur olur. Müxtəlif yaş kateqoriyasında olan şagirdlərin təhsil səviyyəsi, öyrənmə sürəti və qavrama bacarıqları müxtəlif olduğundan, belə hal hər iki sinfin effektiv təhsil almasını çətinləşdirir. Siniflərin komplektləşdirilməsi təhsilin keyfiyyətini aşağı salmaqla yanaşı, müəllimlərin dərs saatının azalmasına da gətirib çıxarır.

Sənəddə qeyd olunub ki, təhsil hüququ ilə bağlı Ombudsmana ünvanlanmış müraciətlərdə təhsil müəssisələrində mövcud olan çatışmazlıqlar, eləcə də müəssisə rəhbərlərinin təlim-tədris prosesinin təşkilinə laqeyd münasibəti kimi hallar öz əksini tapmışdır. Həmin müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində hüquq pozuntularının aradan qaldırılması üzrə zəruri tədbirlər görülmüşdür.

Bildirilib ki, müraciətlərin təhlili göstərir ki, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə, peşə təhsili müəssisələrində və kolleclərdə davamlı olaraq monitorinqlərin aparılması zəruridir. Belə yanaşma təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməklə, tədrisin dövlət standartları əsasında təşkil olunmasını təmin etməsinə yardım edir. Buna baxmayaraq, ölkə üzrə bəzi təhsil müəssisələrində hələ də öz həllini gözləyən bəzi problemlər mövcuddur.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.