
BAKI, 3 mart. TELEQRAF
Ombudsman şəxsi cəmiyyətdən təcrid etmədən azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və həbsə alternativ qətimkan tədbirlərinin (ev dustaqlığı, girov, şəxsi zaminlik və s.) tətbiqi praktikasının genişləndirilməsini zəruri hesab edir.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 3 noyabr 2009-cu il tarixli 2 saylı Qərarında məhkəmələrə həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən ilk növbədə Cinayət Prosessual Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuş digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün yoxlanılması, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasının əsaslandırılması tövsiyə olunur.
Bununla yanaşı, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsini və cinayətlərin dekriminallaşdırılmasını, qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl olunmasını, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsini nəzərdə tutur.
"Təhlillərin nəticəsi onu deməyə əsas verir ki, həbsə alternativ qətimkan tədbirləri olduqca az hallarda tətbiq olunmaqdadır",- məruzədə qeyd edilib.
Ombudsman şəxsi cəmiyyətdən təcrid etmədən azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və həbsə alternativ qətimkan tədbirlərinin (ev dustaqlığı, girov, şəxsi zaminlik və s.) tətbiqi praktikasının genişləndirilməsini zəruri hesab edir.
Vurğulanıb ki, həbsə alternativ qətimkan tədbirlərinin seçilməsi, istintaq hərəkətlərinin mümkün qədər qısa müddətdə yekunlaşdırılması, prokurorluq tərəfindən prosessual nəzarətin gücləndirilməsi, habelə azadlıqdan məhrumetməyə alternativ cəzalara üstünlük verilməsi penitensiar müəssisələrdəki sıxlıq probleminin aradan qaldırılmasına da müsbət təsirini göstərəcək.
Həmçinin bildirilib ki, həbs edilmiş şəxslər və məhkumlar saxlanma rejimindən asılı olmayaraq, istənilən vaxt tibbi xidmətə çıxış imkanına malik olmalı, həkim müayinəsi barədə müraciətlər lüzumsuz yubanmalar olmadan təşkil edilməlidir.
Bundan başqa, məruzədə deyilir ki, müəssisələrdəki sıxlıq problemi tibbi müayinə və müalicədə gecikmə hallarına da səbəb olur:
"2024-cü il ərzində Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gətirilmiş məhkumların və təqsirləndirilən şəxslərin ilkin müayinələrdən (rentgen, laborator, USM) keçirilməsi və aidiyyəti üzrə müalicə şöbələrinə köçürülməsi əsas etibarilə 3-4 gün çəkmişdir. Müayinəsi yekunlaşmış bəzi məhkumların köçürüləcəkləri şöbələrdə mövcud olan sıxlıq səbəbi ilə bir müddət müəssisənin qəbul şöbəsində saxlanılması ciddi narahatlıq doğuran məqamlardandır. Sıxlıq probleminin tibbi xidmətlərə çatımla bağlı mənfi təsirlərinin aradan qaldırılması məqsədilə, xüsusən də istintaq təcridxanalarında saxlanılan şəxslərin sayının çox olması nəzərə alınaraq, həm tibbi heyət, həm də dərman və digər tibbi ləvazimatların müəssisənin saxlanma limitinə deyil, saxlanılan şəxslərin faktiki sayına uyğunlaşdırılması zəruridir".
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.