BAKI, 26 fevral. TELEQRAF

Ötən günlərdə Səhiyyə Nazirliyi Azərbaycanda ilk dəfə meyit donorun orqanlarının transplantasiya edildiyini açıqladı.

Kliniki Tibbi Mərkəzdə müalicə alan pasiyentə beyin ölümü diaqnozu qoyulub və onun orqanlarının transplantasiyasına ailəsi razılıq verib.

Meyit donordan götürülmüş qaraciyər hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 23 yaşlı Şərifova Mənzər Yaşar qızına köçürülüb. Gözün buynuz qişası isə iki resipiyentə transplantasiya edilib. Beləliklə, ölkəmizdə ilk meyit donordan üç nəfər şəfa tapıb.

Bu əməliyyatlar yalnız ölkəmizdə deyil, həmçinin Qafqaz regionunda ilk dəfə meyit donordan alınan orqan transplantasiyası kimi tarixə düşüb. Amma məsələnin nəzarətdə saxlanılmalı olan problemli tərəfləri də var.

Heç kimə sirr deyil ki, dünyada orqan alveri ilə məşğul olan qruplaşmalar mövcuddur. Bu konteksdən məsələyə yanaşanda suallar meydana çıxır. Meyit orqanlarının köçürülməsində hansı real risklər var? Vəsiyyət edən şəxsin məlumatlarının kiminsə əlinə keçməsi və həmin adama qarşı qəsd ehtimalı, orqan mafiyasının prosesə müdaxiləsi nə dərəcədə realdır? Bütün bu məsələlər mövcud qanunvericilikdə necə tənzimlənir?

Mövzu ilə bağlı Teleqraf-ın suallarına cavab verən Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, fəlsəfə doktoru, həkim-reanimatoloq Yeganə Abbasova bildirib ki, beyin ölümü diaqnozu qoyulduqdan sonra 12 və ya 24 saat gözləmək şərtdir.

Onun sözlərinə görə, insanda beyin ölümü onun birincili və ikincili zədələnməsi zamanı baş verir.

"Əgər birincili beyin zədələnməsi səbəbindən, məsələn, beyinə qansızma, beyin travması, meningitdən beyin ölümü gerçəkləşibsə, 12 saatdan sonra təkrar bütün testlər aparılır. Əgər ikincili səbəb - karfiopulmonar resussitasiyadan sonra baş verən anoksik beyin zədələnməsi zamanı, yəni hipokalemiya, hipotermiya kimi digər metobolik səbəblərdən beyin hüceyrələri oksigensiz qalıbsa və onlarda geridönməz dəyişikliklər baş veribsə, onda 24 saat gözlənilir. İkinci dəfə testlər aparılır", - deyə Y. Abbasova əlavə edib.

O, Azərbaycanda ilk dəfə meyit donor olan şəxsdə neçənci dərəcəli beyin ölümünün baş verdiyini açıqlaya bilmədiyini deyib:

“Bu, Azərbaycan qanunvericiliyinə əsasən məxfi saxlanılmalı məlumatdır. Amma onu deyə bilərəm ki, həmin şəxsdə 2 dəfə beyin ölümü təsdiq olunub. İkinci dəfə beyin ölümü təsdiq olunduqdan sonra ailə ilə danışıldı və onlardan razılıq alındı. Əlbəttə, ailəni düzgün istiqamətləndirmək, həqiqətən də, donor orqanların sırada olan xəstələrə köçürülməsini anlatmağın böyük əhəmiyyəti var".

Xatırladaq ki, Yeganə Abbasova bu yaxınlarda Teleqraf-a müsahibəsində ölkəmizdə bu il meyit orqan transplantasiyasının gerçəkləşəcəyinə inandığını demişdi.

"Bəli, mən buna inandığımı söyləmişdim. Şükürlər olsun ki, Azərbaycanda belə humanist, şəfqətli, böyükürəkli insanlar var. O insanların verdiyi qərarla gözləmə növbəsində olan şəxslərin evində sevinc zəngi çalındı. O şəxslərin uyğun donorları və ümidləri də yox idi. Təsəvvür edin ki, o ailələrə kimsə şad xəbər verdi ki: “Orqan var və uşağınız şəfa tapacaq. Bu, inanılmaz hissdir", - deyə o əlavə edib.

Y.Abbasova qətiyyətlə bildirib ki, meyit donor orqanlarının paylanılmasında heç bir əyrilik ola bilməz:

“Canlı donorlarda insan alverinə yol verilir, bu, bütün dünyada var. Amma meyit donor orqanlarının paylanılmasında bu, heç vaxt mümkün deyil. Çünki heç kimin nə vaxt öləcəyi bilinmir. Xəstə şəxs süni tənəffüs aparatına qoşulmasa, həmin an onun ürəyi çalışacaqmı, çalışmayacaqmı, orqanları hipoperfuzyona düşəcəkmi, bunu heç kəs öncədən bilə bilməz".

O bildirib ki, məhz bu səbəbdən beyin ölümü gerçəkləşəndən sonra orqanların paylanması tamamilə qanuni şəkildə və aşkarlıq şəraitində baş tutur.

"Gözləmə siyahısında olan insanlar vahid informasiya sistemindədir. Burada, ümumiyyətlə, insan faktoru yoxdur, elektron sistemdir. Elektron sistem özü seçim edir: qan qrupuna və digər analizlərə uyğun olan ilk beş xəstə seçilir. Daha sonra həmin xəstələrin həkimlərinə xəbər verilir. Həmin an hansı gələ bilirsə və hansını həmin an əməliyyat edə bilirlərsə, o xəstə çağırılır", - deyə Y.Abbasova vurğulayıb.