BAKI, 26 fevral. TELEQRAF

Ağdam rayonunun işğaldan azad olunan kəndlərinə köç başlayır.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, ilk köç Xıdırlı və Kəngərliyə olacaq.

Ermənilər işğal dövründə digər yaşayış məntəqələri kimi adıçəkilən kəndləri də talan edərək dağıdıb yer üzündən silmişdilər. Ağdam rayonu 2020-ci il noyabrın 20-də Ermənistanın işğalından azad olunandan bir müddət sonra Xıdırlı və Kəngərli kəndlərinin yenidən tikintisinə başlanılıb.

Xıdırlı kəndinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılır. Layihələndirilən ümumi ərazi 418 hektardır. Kəndin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev tikilib.

Evlərin 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, 3-ü isə beşotaqlıdır. Kəndin inşasında yerli tikinti materiallarından, o cümlədən Şahbulaq yüksəkliyində istehsal edilən ağ daşlardan istifadə edilib.

Kəngərli kəndinin təməli isə 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərlidə 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılır. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilib.

Hər 2 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, Bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq Mərkəzləri, emalatxanalar, çoxfunksiyalı binalar və digər iaşə obyektləri də tikilib, qəbirstanlıqlar abadlaşdırılıb.

Yaxın günlərdə hər iki kənddə evlərin bölgüsü üçün sakinlər arasında püşkatma keçiriləcək.