BAKI. 26 fevral. TELEQRAF

Bu gün saat 17:00-da Xocalı faciəsinin 33-ci ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.

Teleqraf xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.

Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.

Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Azərbaycan prezidentinin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.