BAKI, 26 fevral. TELEQRAF

Ermənistan hökuməti dövlət himni ilə bağlı daha çox texniki dəyişiklikləri nəzərdə tutan bir neçə təklif verib.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Sisak Qabrielyan parlamentin Dövlət və Hüquq Məsələləri Komitəsinin iclasında himnə dəyişiklik layihəsini təqdim edərkən bildirib.

“Birinci və ikinci oxunuşda himnin ifa qaydası və formalarını daha da aydınlaşdırdıq, bununla bağlı qanuna bir əlavəmiz var. Qanunda himnin ya musiqi, ya da kapella ilə, yaxud hər ikisi ilə birlikdə ifa olunması nəzərdə tutulurdu, bu üç hal üçün ayrı-ayrılıqda əlavələr vermişik.

Yalnız musiqi üçün uzun variantın notları və xor üçün mətni verdik, həmçinin bu üç variantı qısa versiyada müəyyən etdik.

Müxtəlif tədbirlərdə bütün dünya himnləri tədbirin müddəti və xarakterindən asılı olaraq qısa variantda ifa olunur. Fikrimcə, burada da vahid standarta ehtiyac var ki, müxtəlif tədbirlərdə Ermənistan himni eyni olsun. Bununla bağlı 6 variantımız var”, - deputat deyib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl dəfələrlə dövlət himnini tənqid edib. O, Ermənistanın himninin standartlara cavab vermədiyini əsas gətirərək, sözləri və ifa tərzinin dəyişdirilməsini təklif edib.