BAKI, 26 fevral. TELEQRAF

Ağ Evin sözçüsü Karolin Levit təsdiqləyib ki, İlon Mask ABŞ Prezidenti Donald Trampın bu gün sədrlik edəcəyi Nazirlər Kabinetinin ilk iclasında iştirak edəcək.

Teleqraf xəbər verir ki, Mask kabinet naziri deyil, amma Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edir.

Brifinqdə Levitdən Maskın iclasda iştirak edib-etməyəcəyi soruşulanda o, suala belə cavab verib:

“Əslində, o da qatılacaq”.

Trampın mətbuat katibi qeyd edib ki, Mask iclasda olacaq, çünki o, prezident, kabinet nazirləri və bütün administrasiya ilə işləyir.

Levit əlavə edib ki, Mask Trampın kabineti ilə DOGE-nin səyləri və nazirliklərdə israfçılıq, fırıldaqçılıq və sui-istifadəni necə müəyyən etdikləri barədə danışacaq.

Mask Levitə X-də cavab verərək, prezidentin DOGE rəhbərinin etdiyi hər şeyi sevdiyini və ondan daha da aqressiv olmasını istədiyini yazıb.

Nazirlər Kabineti ənənəvi olaraq 15 nazir və vitse-prezidentdən ibarətdir. Amma digər rəsmilər də prezidentin tələbi ilə iclaslarda iştirak edə bilərlər. Bura adətən prezidentin müşavirləri kimi məmurlar daxildir, Mask bu baxımdan istisnadır.