Beynəlxalq münasibətlər sistemində hazırda fərqli proseslər cərəyan edir. ABŞ-nin belə BMT Təhlükəsizlik Şurasından imtina etməsi ilə bağlı Ağ Evin yeni Adminstrasiyasının rəhbəri Donald Tramp tərəfindən açıqlamalar verilir. Eyni zamanda ABŞ-Avropa münasibətləri kəskin bir fazaya daxil olub. Bununla yanaşı Çin-Rusiya tandemi qlobal miqyasda dəyişikliklərin labüd olduğunu göstərir.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.

Komitə sədri hesab edir ki, baş verənlər dünya düzəninin dəyişməsi ilə bağlıdır:

“II Dünya müharibəsindən və “Soyuq müharibə”dən sonra qalib tərəf, yəni Qərbin qeyri-səmimi, ikili standartlarla dolu, obyektivlikdən uzaq mövqeyi sonda onun özünə qarşı ciddi təhdidlərə səbəb olur. Çünki Qərb öz dəyərlərini dünyaya aşılamaq istədiyi halda, ortaya qoyduğu mövqeni sona qədər müdafiə etmədi. Ukrayna ətrafında olanlar bunun bariz nümunəsidir. Məhz Kiyevi Rusiya ilə müharibəyə sövq edən, onu alovun içərisinə atan və arxasında dayanmayan Avropa oldu. ABŞ-nin sabiq prezidenti və dövlət katibi Cozef Bayden, Entoni Blinken də Ukraynanı sona kimi dəstəkləmədi”.

Səməd Seyidova görə, artıq dünyada güc mərkəzləri, yəni konkret ayrı-ayrı qütblər formalaşmağa başlayıb:

“Bu, heç də BMT Təhlükəsizlik Şurasının bəyan etdiyi istiqamətlər deyil. Həmin qütblər ABŞ, Rusiya və Çindən ibarətdir. Faktiki dünyada üç güc mərkəzi və qütbü var. Bunun kontekstində Trampın apardığı siyasət, Rusiyaya yaxınlaşmaq istiqaməti fərqli məqsədlərə hesablanıb. Rusiyanı Çindən uzaqlaşdırmaq üçün belə bir gediş edilir. Vaşinqton üçün bu gün əsas rəqib Pekindir. Ağ Evdə hesab edirlər ki, Rusiyanı digər istiqamətə çəkmək mümkündür”.

“Avropa daxilində də qütbləşmə gedir. Ona görə də, Amerika Avropa Birliyi ilə deyil, ora daxil olan ölkələrlə ikitərəfli münasibətləri qurmaqda daha maraqlıdır. Rusiya da bunda istəkli görünür. O cümlədən, Azərbaycan da bu məsələdə öz mövqeyini ortaya qoyub. Avropa Şurası, Avropa Parlamenti, Avropa Birliyi yanlış xətti tutduqdan sonra məhz bu istiqamətin seçilməsi ən doğru addım kimi dəyərləndirilir. Çünki Avropa Birliyi diplomatiya dilini bir kənara qoyub “müəllimlik”, “ağıl öyrətməklə” məşğul olur. Bu isə yolverilməzdir”, - deputat bildirib.