BAKI, 7 fevral. TELEQRAF

Bu gün Afrikada saxlanılan gəmi heyətinin ailə üzvləri "Caspian Marine Services" şirkətinin ərazisində etiraz aksiyası keçiriblər.

Teleqraf xəbər verir ki, gəmi heyətinin bir qrup yaxını etiraz edərək saxlanılanların ölkəyə gətirilməsini tələb ediblər.

Aksiyada iştirak edənlərin sözlərinə görə, dəfələrlə lazımi qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər.

Saleh Vələdovun atası Polad Vələdov bildirib ki, aksiyanı keçirməkdə məqsəd tutulanların vəziyyətini öyrənmək və onların nə zaman geri qayıdacaqlarından xəbər tutmaqdır.

"Qurumlarla 15-20 gündür ki, ümumiyyətlə əlaqə saxlamaq mümkün deyil"

Mahmud Rüstəmovun atası Əmrah Rüstəmov deyib ki, bir neçə dəfə müəyyən qurumlarla danışıqlar aparıblar:

"Əvvəllər onlar gəmidə olanda həftədə 1 dəfə danışıq apara bilirdik. 15-20 gündür ki, ümumiyyətlə, müvafiq qurumlarla da əlaqə saxlamaq mümkün deyil. Xarici İşlər Nazirliyində də olmuşuq, amma heç bir nəticə olmadı. Biz dövlətimizdən, xalqımızdan övladlarımızı bizə qovuşdurmağı xahiş edirik. Gəmini nə vaxt istəsələr qurtararlar, bu, şirkətin işidir. Amma bizim övladlarımızı, qardaşlarımızı qurtarın!"

Bizə iki həftə öncə şirkətdən deyilmişdi ki, saxlanılanlar 3 günə sənədlərini götürüb oradan çıxacaqlar, amma yenə də nəticəsi olmadı. 18 nəfərlik heyət 3 aydır ki, ailələrindən uzaqdır".

Şirkət söhbəti daha 10 gün uzatdı

Aksiya davam etdiyi müddətdə "Caspian Marine Services" şirkətindən nümayəndə bildirdi ki, iştirakçılarla şirkət arasında danışıqlar qapalı keçiriləcək. Danışıqlar başa çatandan sonra aksiya iştirakçılarından aldığımız məlumata görə, şirkət onlara daha on gün gözləməli olacaqlarını bildirib.

"Şirkətdən yenə eyni sözlər eşitdik. Bizə "3 gün, 5 gün, 10 gün gözləyin" deyə-deyə artıq üç ay olub. Nə qədər eyni sözləri eşitmək olar? Heç bir dəyişiklik yoxdur. Görünür, tədbir görmək istəmirlər", -deyə aksiya iştirakçıları bildiriblər.

Xatırladaq ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə Dövlət Dəniz və Liman Agentliyinə (DDLA) məlumat daxil olub. Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib.

Saxlanılan 3 gəmi Azərbaycan bayrağı altında üzür. Gəmilərin Bakıdan yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrika-Eritreya istiqamətinə yönəldiyi, guya Eritreya sularına daxil olduğu üçün saxlanıldığı bildirilir.