BAKI, 11 mart. TELEQRAF

“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu, Tbilisi prospekti 58 ünvanında fəaliyyət göstərən “ATJ” MMC-yə məxsus “Vətən” restoranında agentliyin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub.

Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.