
BAKI, 11 mart. TELEQRAF
Azərbaycanda nikaha girən cütlüklərin toy etməsi əsas adətlərdəndir. Özünəməxsus toy adət-ənənələrimiz var. Ölkə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olduğuna görə islam təqvimiylə Məhərrəm və Səfər aylarında toy keçirilmir.
Maraqlıdır, bəs görəsən Ramazan ayında vəziyyət necədir? Toyların sayında azalma müşahidə olunurmu? Bu, restoran biznesinə necə təsir göstərir? Ümumiyyətlə, restoranlarda bununla bağlı xüsusi menyular, endirimlər varmı?
Teleqraf-ın əməkdaşı restoranlardakı vəziyyətlə maraqlanıb.
Məlum olub ki, ümumiyyətlə, son zamanlar toyların sayı azalıb. Restoranlardan bəziləri bu ayda toy sifarişi almadıqlarını və təmir üçün qapalı olduqlarını bildiriblər. "Ay işığı", "Su səsi" kimi bir neçə şadlıq sarayları bu ayda toy sifarişi qəbul eləmədiklərini deyiblər.
"Niaqara": “Bizdə Ramazan ayında toy yoxdur”.
"Cıdır düzü": “Biz Ramazan ayında toy qəbul etmirik, restoranımız hazırda təmirdədir. Ümumiyyətlə, son zamanlar toyların sayı azalıb”.
Bəzi restoranlar isə Ramazanda toy etməyin istəyə bağlı olduğunu bildiriblər.
"Gold Palace": “Hazırda bizim şadlıq sarayında Ramazan ayına görə toy edən yoxdur. İlk toy martın 30-u olacaq. Ümumiyyətlə, toy etmək istəyən olsa, bizim sarayda heç bir problem yoxdu”.
"Xəlifə": “Bizdə Ramazan ayında toy edənlər var, istəyən edə bilər, lakin içki olmamalıdır. Məsələn, martın 16-da toy var”.
"Altun": “Yaxın günlər üçün toy sifarişi almamışıq, amma sifariş olsa, imtina etmərik”.
Şadlıq saraylarından Ramazanda özəl endirimin olub-olmadığı ilə də maraqlandıq. Bildiriblər ki, qonaq sayına uyğun olaraq və menyudan içkini çıxarmaqla müəyyən endirimlər mümkündür.