BAKI, 5 oktyabr. TELEQRAF

"Cənubi Qafqazda yeni siyasi düzən formalaşarkən Ankara ilə Bakı arasındakı münasibətlər də yeni mərhələyə qədəm qoyur. Bu münasibəti yalnız gündəlik diplomatik təmaslar, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq çərçivəsində qiymətləndirmək artıq kifayət etmir. Türkiyə və Azərbaycan üçün məsələ təkcə bu günün regional proseslərinə münasibət müəyyənləşdirmək deyil, dəyişən geosiyasi şəraitdə ortaq gələcəyə dair baxışı daha da möhkəmləndirməkdir".

Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.

Onun sözlərinə görə, “Bir millət, iki dövlət” ifadəsi bu münasibətin siyasi mahiyyətini izah edən ən mühüm anlayışlardan biridir: "Lakin Ankara-Bakı əlaqələrinin gücü yalnız siyasi iradədən qaynaqlanmır. Tarix, dil, mədəniyyət, qarşılıqlı etimad və güclü qardaşlıq hüququ bu münasibətin cəmiyyətlər səviyyəsində dayanıqlı təməlini formalaşdırır. Məhz buna görə regional proseslər dəyişdikcə Ankara ilə Bakı arasındakı dialoqun əhəmiyyəti yeni məzmun qazanır. Bu gün qarşıda duran əsas sual münasibətlərin nə qədər yaxın olması deyil, bu yaxınlığın Cənubi Qafqazda sülh və sabitliyə, Türk dünyasında əməkdaşlığa və iki ölkənin ortaq gələcək perspektivinə necə çevriləcəyidir.

Sentyabrın 15-də Bakıda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşdə “strateji məsələlərdə liderlərin baxışlarının sinxronlaşdırılması” ifadəsinin işlədilməsi diqqət çəkdi. Hakan Fidanın həmin səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də yüksək səviyyəli siyasi dialoqun intensivliyini göstərdi. Enerji, nəqliyyat, müdafiə, ticarət və regional proseslərin eyni çərçivədə müzakirə olunması münasibətlərin çoxşaxəli xarakterini bir daha ortaya qoydu.

Ankara mövqeyindən əsas məsələ Qarabağdan sonra formalaşan regional mühitin sülh, sabitlik, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələri baxımından necə inkişaf edəcəyidir. Bu çərçivədə Azərbaycan-Ermənistan normallaşma prosesi xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi məsələsinin gündəmə gətirilməsi sülh prosesinin yalnız siyasi sənədlərlə məhdudlaşmadığını göstərir. Ticarət yollarının açılması və regional nəqliyyat bağlantılarının gücləndirilməsi Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yarada bilər".

S.Karakılıç deyib ki, Cənubi Qafqazdakı geosiyasi mənzərə yalnız Ankara, Bakı və İrəvan arasındakı münasibətlərdən ibarət deyil: "Vaşinqtonun regiona artan marağı, Avropanın yeni yanaşması və Rusiyanın bölgədəki ənənəvi təsir imkanlarının dəyişən şərtlər fonunda yenidən formalaşması Cənubi Qafqazı daha geniş geosiyasi rəqabət məkanına çevirir. İranın təhlükəsizliyi və sabitliyi də enerji, ticarət, sərhəd təhlükəsizliyi və nəqliyyat marşrutları baxımından Türkiyə və Azərbaycan tərəfindən diqqətlə izlənilən məsələlərdəndir.

İqtisadi və nəqliyyat amili də getdikcə daha çox ön plana çıxır. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Naxçıvan bağlantısı yalnız Türkiyə-Azərbaycan ticarəti baxımından deyil, Avropa ilə Asiya arasındakı nəqliyyat şəbəkələrinin gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır. Bütün bu strateji məsələlərin fövqündə isə Türkiyə-Azərbaycan münasibətlərinin özünəməxsus bir təməli var.

Türkiyə-Azərbaycan və bütövlükdə Türk dünyası münasibətlərinin gələcəyini yalnız siyasət, təhlükəsizlik, enerji və nəqliyyat üzərindən qiymətləndirmək kifayət deyil. Tarix və mədəniyyət ortaq yaddaşın, süni intellekt və yeni texnologiyalar isə ortaq gələcəyin əsas məsələləri sırasındadır. Qarşıdakı dövrdə həm Türkiyənin, həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının bu sahələrə daha diqqətli və strateji yanaşması mühüm əhəmiyyət daşıyacaq.

Mədəni diplomatiya, ortaq tarix araşdırmaları, rəqəmsal mədəniyyət, yaradıcı sənayelər və süni intellekt sahəsində əməkdaşlığın Türkiyə-Azərbaycan münasibətlərinə və Türk dünyasının gələcəyinə yeni imkanlar qazandıracaq. Çünki Ankara-Bakı münasibətlərinin gələcəyi yalnız bugünkü regional tarazlıqlarla deyil, ortaq keçmişimizi necə dəyərləndirdiyimiz və ortaq gələcəyimizi necə qurduğumuzla da müəyyənləşir".