BAKI, 5 oktyabr. TELEQRAF
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.
Bununla bağlı qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən hazırlanıb.
Layihəyə əsasən, Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsinə dəyişiklik ediləcək. Belə ki, həmin maddədə nəzərdə tutulan rəqəmlər sırasına “306” rəqəminin əlavə edilməsi təklif olunur.
Bundan başqa, 99-4-cü maddəyə yeni “Qeyd” hissəsinin əlavə edilməsi nəzərdə tutulur.
Qeydə əsasən, Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduğu halda tətbiq ediləcək.
Qanun layihəsi qəbul edildiyi təqdirdə müəyyən hallarda hüquqi şəxslərə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı mövcud normalara əlavə mexanizm gətirəcək.