BAKI, 5 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qiyamçı “Ənsarallah” Hərəkatına (husilər) qarşı Yəmən Silahlı Qüvvələrinə quru əməliyyatlarında hava dəstəyi göstərəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, koalisiya Bab əl-Məndəb boğazının havadan qorunmasını təmin edəcəyini də bildirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə keçirilən əməliyyat çərçivəsində husilərin 324 mövqeyini hədəfə aldığını bəyan edib. Bəyanata əsasən, Yəməndəki əməliyyata 100 döyüş təyyarəsi cəlb olunub.

Yəmən ordusu bu gün səhər saatlarında Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən Zübab rayonu üzərində nəzarəti bərpa edib. Yəmən husiləri ərazidən çıxarıb. Zübabın geri alınmasından əvvəl bölgədə şiddətli döyüşlər gedib, Yəmən ordusu əks-hücum nəticəsində qiyamçıların təchizat xətlərini tamamilə kəsə bilib.

Yəmən Silahlı Qüvvələri həmçinin paytaxt Səna şəhərini azad etmək üçün hərbi əməliyyata başlayıb.

Yəmən Prezidenti Rəşad əl-Əlimi dünən husilərin nəzarətindəki əraziləri geri qaytarmaq məqsədilə hərbi əməliyyatın başladıldığını elan etmişdi.