BAKI, 4 oktyabr. TELEQRAF

Türk tarixçi, roman ustadı Rəşad Əkrəm Koçunun (1905-1975) 1944-1973-cü illərdə çap etdiyi “İstanbul Ansiklopedisi”nin “Azərbaycanlılar İstanbulda” adlı maddəsində bu tarixi şəhərdə yaşamış bəzi həmyerlilərimiz haqqında məlumat verilib. Həmin nəsillərdən biri də ötən əsrin əvvəllərində Şirvan bölgəsindən köçmüş Qurbanovlar ailəsi idi. Türkiyədə Qurbanoğlu və daha çox Qurbangil kimi tanınan bu ailə haqqında ensiklopediyada qısa məlumat verilib: “Qurbanoğlu ailəsi iki nəsildən bəridir ki, İstanbuldadırlar. Xalı və əntiq əşya ticarəti ilə məşğul idilər. Beşiktaşda köşkləri vardı, yandı. Ailənin bir qismi Şirvandadır. İstanbula Səfdər bəylə Baba bəy Qurbangil (Qurbanov) gəlmişdilər. Baba bəy ədəbiyyatla dərindən məşğuldu, türkcə və farsca şeirləri vardı”.

Baba Qurbangil 1892-ci ildə Şirvan bölgəsində doğulub. Ehtimal ki, çox erkən yaşda ailəsi ilə birlikdə İstanbula gəlib. Çünki mason təriqəti ilə bağlı sənədlərdə onun 1910-cu ildə “Ziyayi-Şərq” lojasının qurucuları arasında adı çəkilib. Belə ki, 18 yanvar 1910-cu ildə İstanbulda yaranan bu lojaya ardıcıl şəkildə bu şəxslər rəhbərlik ediblər: Əhməd Suad, Faiq Süleyman paşa, Fuad Sürəyya paşa, Baba Qurbangil. Bu loja 1935-ci ildə adını müasirləşdirərək “Dan işığı” adlandırıb. Qurbangil mason lojasında sonrakı illərdə çox yüksəlib, 1930-1933-cü illərdə 22-ci dərəcə olaraq fəaliyyət göstərib.

Türk masonların nəşr etdikləri “Büyük Şark” məcmuəsinin baş xəbərində 5-10 sentyabr 1932-ci ildə İstanbulda baş tutacaq bir toplantı salonunun Baba Qurbanovun dəlaləti ilə tədarük edilən xalılarla bəzədildiyi qeyd olunub. Bu fakt Baba bəyin İstanbulda o illərdə də xalı ticarəti ilə məşğul olduğunu göstərməkdədir.

1935-ci ildə Mustafa Kamal Atatürkün mason dərnəklərini qapatmasından sonra Türkiyə masonluq tarixində “yuxu dövrü” adlanan mərhələ başlayıb. Həmin il Baba Qurbangil “Dan işığı” lojasının ustadı idi. 1944-cü ildə Baba bəy masonluqda ən yüksək olan 33-cü dərəcəyə layiq görülüb. 1948-ci ildə isə “Ülkü” lojasının qurucularından biri olub.

“Akşam” qəzetinin 22 mart 1942-ci il sayında Baba bəyin pul qabısını itirməsi ilə bağlı qəzetə verdiyi elanda iş yeri bu şəkildə yazılıb: Doyçe Oryentbank Dresdner Bank. İstanbul şöbəsi. Görünür, təqaüdə də bu bankdan çıxıb. Çünki “Büyük Doğu” qəzetinin 5 avqust 1952-ci il tarixli sayında məşhur masonlar arasında onun da adı çəkilib, bir bankdan təqaüdə çıxdığı, xalı mütəxəssisi olduğu qeyd edilib.

Qurbangil ailəsinə məxsus İstanbulda Feriköy İslam Məzarlığındakı qəbirlərdən ailə üzvlərinin vəfat tarixlərini öyrənmiş oluruq. Ağaoğlu ailə məzarlığının yanında yerləşən bu məzarlıqdakı əsas başdaşında yazılıb: “Azerbaycanlı Kurbangil Ailesi”. Məzar yerində vəfat edənlərin adlarının yazıldığı üç kiçik daş var: Soldan I - Səfdər Qurbangil (Safder Kurbangil) – 1936-cı ildə vəfat edib. Hüsniyyə Çərkəs Qurbangil (H. Cerkes Kurbangil) – 1949-cu ildə vəfat edib. Səfdər Qurbangilin həyat yoldaşıdır; Soldan II - Baba Qurbangil (Baba Kurbangil) – 1955-ci ildə vəfat edib. Xeyrunnisə Əbdürrəhmanlı (Hayrunnisa Abdurrahmanlı) – 1973-cü ildə vəfat edib, Səfdər Qurbangilin qızıdır; Soldan III - Töhfə Qurban (Tuhfe Kurban) – Səfdər Qurbangilin qızıdır. 3 mart 1979-cu ildə vəfat edib. Mərkəzi bankda işləyən Qəni Qurbanın həyat yoldaşıdır.

“Milliyet” qəzetinin 26 oktyabr 1932-ci il tarixli sayında Baba bəy həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı yazan, dəfndə iştirak edən şəxslərə təşəkkür edib. “Cumhuriyet” qəzetinin 30 avqust 1936-cı il tarixli sayında isə Baba bəy qardaşı Səfdər bəyin vəfatı ilə bağlı elan dərc etdirib.

Qurbangil ailəsi ilə bağlı maraqlı faktlardan biri də budur ki, Səfdər bəyin qızı Xeyrunnisə xanım Azərbaycan Cümhuriyyətinin xaricə göndərdiyi yüz tələbədən biri olan Ağacəfər Əbdürrəhmanlı ilə ailə həyatı qurub. Ağacəfər bəy 1896-cı ildə Şamaxıda doğulub, 1908-1917-ci illərdə Şamaxı real məktəbində oxuyub. Azərbaycan hökumətinin xaricə göndərdiyi yüz tələbədən biri seçilən Əbdürrəhmanlı Berlində kimya ixtisası üzrə ali təhsil alıb, daha sonra Türkiyəyə gedib.

Kərim Mehmedzadənin yaddaşından

İstanbulda yaşayan Mehmedzadə ailəsi də uzun illər xalı ticarəti ilə məşğul olduqları üçün Qurbangil ailəsi ilə yaxın münasibətləri olub. Bu ailənin qiymətli təmsilçisi Kərim Mehmedzadədən Qurbangillər haqqında məlumat xahiş etdim.

Kərim bəyin göndərdiyi materiala görə, Baba bəyin əsl adı Əli olub. 1900-cü illərin əvvəllərində ailəlikcə Türkiyəyə köçüblər. Bir müddət sonra İstanbulun Süleymaniyyə və Fatih ətrafında bir evə yerləşib, uzun müddət orada yaşayıblar. Ailənin bir hissəsi Şirvanda yaşamağa davam etdiyi üçün ailə peşəsi olan xalça və kilim ticarətini iki ölkə arasında davam etdiriblər. Bir müddət sonra qardaşı Səfdər Qurbanov ilə birlikdə daha əvvəl İstanbula yerləşmiş məşhur tacir Gəncəli Hacı Baba Məhəmmədzadənin köməyi ilə Kapalıçarşı ətrafında bir xalça dükanı açıblar. Qafqaz, Şirvan, Buxara və Qazax xalçalarının gətirilməsinə və satışına başlayıblar. Bu arada Hacı Baba Gəncəlinin oğulları ilə çox yaxın münasibətlər quraraq bəzi cəmiyyətlərə daxil olub, onların köməyi ilə ABŞ-yə də xalça ixrac ediblər. Beləliklə, İstanbulda geniş nüfuz qazanan Qurbangil İstanbulun tanınmış tacirləri sırasına daxil olub. Saray və onun ətrafındakı ali təbəqəyə mənsub ailələrə xalça və kilim satışı ilə də məşğul olub, Kapalıçarşı daxilində bir antikvar dükanı da açıb. Saray əhlinə məxsus antik əşyaların satışı ilə məşğul olduqdan sonra İstanbul əhalisi tərəfindən daha geniş şəkildə tanınıblar. Baba bəy Qurbangil bu arada Süleyman Məhəmmədzadə ilə birlikdə 1910-cu illərdə Kadıköy səmtində “Ziyayi-Şərq” adlı mason dərnəyinin qurucuları arasında yer alıb. Özünü şeir və ədəbiyyata həsr edərək bir çox jurnal və məcmuələrə yazılar göndərib. Rza Tofiqin təhriki ilə bektaşilik və məlamiliyə maraq göstərib. Qurbangilin xanımı da dərgahda aktiv olub, həyat yoldaşının çevrəsindəki şair və mütəfəkkirlər arasında sözü keçən bir şəxs imiş.

Kərim bəyin yazdığına görə, Türkiyədə lojalar bağlandığı dövrdə “Türkiyə Fikir və Düşüncə Dərnəyi” adlandırılan fəlsəfi bölmə açıq olub. Baba Qurbangil ilk olaraq daxil olduğu fəlsəfi “Birlik” lojasından sonra həmin dövrdə fəlsəfi dərəcələrdən 22-ci dərəcə – Areopaj bölməsində fəaliyyətini davam etdirib. 1944-cü ildə lojalar bağlı vəziyyətdə olsa və fəaliyyətlər çox məhdudlaşdırılsa da, Baba Qurbangil Yüksək Şuranın qərarı ilə iki dostu, yəni qardaşları ilə birlikdə Yüksək Şuranın 33-cü dərəcəsinə yüksəldilərək böyük nailiyyət qazanıb. 1946-cı il Türkiyədə mason lojaları yenidən fəaliyyətə başlayıb və 1948-ci ildə “Ülkü Möhtərəm” lojası yaradılıb. Baba bəy bu lojada maliyyə bölməsinə, yəni masonik terminlə “xəzinə əmini” vəzifəsinə rəhbərlik edib, daha sonra ustadlıq məqamına yüksəlib.

Qardaşı Səfdər bəy Qurbangil isə Baba Qurbangilin fəlsəfi, fikri və ailəvi irsini bu ezoterik dərnəklərdə şəxsən mənimsəyən və davam etdirən bir şəxs kimi daim sevgi ilə yad edilir. Baba bəy qədər olmasa da, çalışdığı lojalarda bir çox vəzifəni uğurla yerinə yetirib. Baba bəyin yaşadığı Fatih ərazisi keçmiş İstanbul aristokratiyasının, üləmaların və fəlsəfi cərəyanların toplandığı bir məkan idi. Onun burada Bektaşilər arasında yer alması, məşhur şair, rəssam və filosoflarla dostluq məclislərində iştirak etməsi, farsca və Azərbaycan ləhcəsində yazdığı şeirlərlə ənənəsinə bağlılığını göstərməsi onun həmin çevrələrdə sevilməsi üçün kifayət edirdi. Süleymaniyyə və ətrafı ənənəvi iyerarxiyanı və qədim İstanbul ədəbini hiss etdiyi əsas mərkəzə çevrilmişdi. Qısa müddət yaşadığı Üsküdara yaxın Kuzguncuk səmtində isə Qurbangilin fəlsəfi cərəyanlarla böyük uyğunluq təşkil edən həyatının ən orijinal izləri qorunub. Onun Bektaşi ənənəsinə bağlı olması və eyni zamanda “Baba” titulunu daşıması onu Kuzguncuğun bu tarixi-mistik mühitinə və dərviş yaddaşına bağlayan bir yol kimi qarşımıza çıxır.