BAKI, 3 oktyabr. TELEQRAF
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələlərdən biri oldu. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin mürəkkəb ictimai-siyasi və iqtisadi şəraitdən keçdiyi dövrə təsadüf edirdi. Bu dövrün tarixi əhəmiyyəti sonrakı illərdə Azərbaycanın siyasi, hüquqi və institusional inkişafında baş verən dəyişikliklər fonunda daha aydın görünür.
Bu sözləri Teleqraf-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, müstəqilliyin bərpası Azərbaycan qarşısında yalnız yeni imkanlar deyil, eyni zamanda olduqca mürəkkəb vəzifələr də yaratmışdı: "1990-cı illərin əvvəllərində ölkə bir tərəfdən Qarabağ münaqişəsi və hərbi qarşıdurma, digər tərəfdən daxili siyasi gərginlik, idarəetmə problemləri və iqtisadi çətinliklərlə üzləşmişdi. Yeni dövlət institutlarının formalaşdırılması isə bütün bu proseslərlə paralel aparılmalı idi.
Belə bir şəraitdə 1993-cü ilin siyasi hadisələri ölkənin sonrakı inkişaf istiqamətinə ciddi təsir göstərdi. Həmin il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisənin tarixi əhəmiyyəti yalnız hakimiyyət dəyişikliyi ilə məhdudlaşmırdı. Əsas məsələ müstəqilliyini yenicə bərpa etmiş dövlətin idarəçilik imkanlarının möhkəmləndirilməsi və gələcək siyasi xəttinin müəyyənləşdirilməsi idi".
Hicran Hüseynova bildirib ki, 3 oktyabr 1993-cü ili bir günün hadisəsi kimi deyil, daha uzun bir siyasi prosesin başlanğıc nöqtələrindən biri kimi qiymətləndirmək mümkündür:
"Sonrakı illərdə dövlət idarəçiliyinin sabitləşdirilməsi, qanunvericilik bazasının yaradılması və dövlət institutlarının formalaşdırılması həmin mərhələnin əsas xüsusiyyətlərinə çevrildi. 33 il bundan əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün yeni bir mərhələnin başlanğıcı idi. Xalqımız müstəqilliyi, dövlətçiliyi, inkişafı, rifahı əsas götürərək böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalq ona, o isə xalqa arxalanırdı.
Müdrik siyasətçi özü bu haqda fikir bildirərkən qeyd edirdi ki, “ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət etdim”. Ümummilli Lider həmin çətin günlərdə bütün azərbaycanlıları səfərbər edir, hər bir təklifi, müraciəti diqqətlə dinləyir, qərarlar verirdi.
1993-cü ildən sonra qarşıda duran başlıca məsələlərdən biri ölkədə siyasi sabitliyin təmin edilməsi və dövlət hakimiyyəti institutlarının işlək vəziyyətə gətirilməsi idi. Müstəqilliyin davamlı olması üçün onun hüquqi və institusional dayaqlara söykənməsi zəruri idi.
Burada mühüm məqam ondan ibarətdir ki, dövlətçilik artıq yalnız müstəqilliyin siyasi bəyanı ilə ifadə olunmurdu. Müstəqillik qanunları, Konstitusiyası, idarəetmə mexanizmləri və hüquqi institutları olan sistem şəklində möhkəmlənirdi. Dövlət quruculuğunun davamlılığı iqtisadi əsasların yaradılmasından da asılı idi. Sovet iqtisadi modelindən çıxmış Azərbaycan üçün bazar münasibətlərinə keçid, sahibkarlığın inkişafı və xarici sərmayənin cəlb olunması yeni iqtisadi siyasətin vacib istiqamətləri idi".
Komitə sədrinin fikrincə, tarixi hadisələrin əhəmiyyəti bəzən onların baş verdiyi anda deyil, sonrakı illərdə yaratdığı nəticələr fonunda daha aydın görünür: 3 oktyabr 1993-cü il də bu baxımdan Azərbaycanın müasir dövlətçilik tarixində diqqət çəkən tarixlərdən biridir. Həmin tarixdən sonrakı mərhələdə siyasi sabitliyin möhkəmləndirilməsi, Konstitusiyanın qəbul olunması, hüquqi institutların yaradılması, iqtisadi modelin yenilənməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl proseslər baş verdi.
Ulu Öndər Heydər Əliyev mürəkkəb, ziddiyyətli tarixi prosesləri dərk edən, ən çətin vəziyyətdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri, reallıqları dərindən anlayan və qiymətləndirərək xalqımızın, dövlətimizin maraqlarını hesablayan bir lider idi. O, öz ölkəsini dərin iqtisadi-siyasi-hərbi böhrandan çıxararaq, Azərbaycanda sabitlik, inkişafa nail oldu.
Tək Azərbaycanın deyil, Cənubi Qafqazın gələcəyinə böyük ümidlər yaratdı, inam gətirdi. Bu, çoxsaylı dövlət başçılarının, beynəlxalq siyasətin ən tanınmış politoloqlarının, ekspertlərinin dahi Heydər Əliyevə verdiyi qiymətdir. Heydər Əliyev realist siyasətçi idi. O, xalqa fantastik və populist vədlər vermir, əksinə, real vəziyyəti və cari şəraitdə əldə edilə biləcək nəticələri açıqlayırdı. Tarix onun seçdiyi yolun, idarəetmə prinsiplərinin nə qədər doğru olduğunu dəfələrlə sübut etdi.
Ümummilli Lideri Heydər Əliyevin prezidentliyi dövründə dövlət quruculuğu sahəsində atılan strateji əhəmiyyətli addımlar müasir Azərbaycanın bugünkü davamlı və sistemli inkişafının əsasını qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimizin müasirləşdirilməsi və daha da möhkəmləndirilməsi, milli iqtisadiyyatın dinamik inkişafı istiqamətində Ulu Öndərin apardığı kursu uğurla davam etdirir.
Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan uzunmüddətli inkişaf perspektivləri olan dövlətə çevrilmişdir. Beləliklə, müstəqil dövlətçiliyin müdafiəsi heç şübhəsiz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bütün möhtəşəm ideyaların gerşəkləşməsini, məqsəd və vəzifələrin həyata keçirilməsini aydın şəkildə müəyyən edən plan, bütün sahələrdə fəaliyyət proqramı olmadan təsəvvür etmək olmaz. Xalqın və Azərbaycan dövlətinin mənafeyini hər şeydən üstün tutaraq, bütün səyləri, qarşıya qoyulan məqsədlərə çatmağa yönəldən İlham Əliyev 20 ildə ölkənin sosial-iqtisadi həyatında dönüşə nail oldu, dövlət əsaslarını və bünövrəsini daha da gücləndirdi. Problemlərin həllinə sistemli və kompleks yanaşma, dövlət başçısının məqsədyönlü fəaliyyəti, konkret tapşırıqların icrasına yönəldilməsi nəzərdə tutulanlara səmərəli üsullarla nail olmağa imkan verdi.
Hər birimizin gözləri qarşısında Prezident, Ali Baş Komandan İlham Əliyev güclü, rəşadətli Ordu və onu bütün məsələlərdə dəstəkləyən xalqla birlikdə qəhrəmanlıq və dövlətçilik salnaməsi yaratdı. Ulu Öndərin qoyduğu təməl prinsipləri daha da irəliyə aparaq, Azərbaycanın 200 illik işğal tarixinə son qoydu. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi təmin edildi. Uğurla həyata keçirilən islahatlar ölkəni inkişafın keyfiyyətcə yeni mərhələsinə aparır.
“Böyük Qayıdış” Planı əsasında Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycan bu illər ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndi, regionun lider dövlətinə çevrildi, nəhəng nəqliyyat, kommunikasiya, neft, qaz, enerji layihələrinin təşəbbüskarı oldu və dünyaya sübut etdi ki, Cənubi Qafqazda ən güclü dövlətdir. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq".
