BAKI, 5 oktyabr. TELEQRAF
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni norma əlavə edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.
Hazırlanan qanun layihəsinə əsasən, məcəllənin 99-4.5-ci maddəsinə “306” rəqəmi əlavə ediləcək. Bununla həmin maddədə cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı əhatə olunan maddələr sırasına Cinayət Məcəlləsinin 306-cı maddəsi də daxil ediləcək.
Layihədə, həmçinin 99-4-cü maddəyə xüsusi “Qeyd” hissəsinin əlavə olunması nəzərdə tutulur.
Yeni normaya əsasən, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulan əməlin törədilməsinə görə cinayət-hüquqi tədbirlər yalnız məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası birbaşa hüquqi şəxsin üzərinə qoyulduğu halda tətbiq ediləcək.
Qanun layihəsində dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndi rəhbər tutulmaqla hazırlandığı bildirilir.