BAKI, 3 oktyabr. TELEQRAF
“Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir”, – deyən Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişaf yolunu dəqiq müəyyənləşdirmiş, güclü dövlətçiliyin, qanunun aliliyinin və milli maraqlara söykənən siyasi kursun sarsılmaz təməlini yaratmışdır. 3 oktyabr 1993-cü il Azərbaycanın müasir siyasi tarixində xüsusi yer tutan, dövlətçiliyimizin sonrakı inkişaf istiqamətlərinə mühüm təsir göstərən tarixi gündür. Məhz həmin gün keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Rəsmi məlumatlara əsasən, Ulu Öndər seçkilərdə 98,84 faiz səs qazandı.
Bunu Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, bu seçim son dərəcə mürəkkəb tarixi şəraitdə baş verdi. Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi, ölkədə ciddi siyasi böhran və silahlı qarşıdurma təhlükəsi mövcud idi, Ermənistanın hərbi təcavüzü davam edirdi. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və müstəqilliyin qorunması həyati əhəmiyyət daşıyan məsələlərə çevrilmişdi.
1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə başlanan proses 3 oktyabr prezident seçkiləri ilə yeni mərhələyə qədəm qoydu. Xalq öz siyasi iradəsini ifadə edərək böyük dövlətçilik təcrübəsinə malik liderə etimad göstərdi. Oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ulu Öndər bütün fəaliyyətini xalqın ümidlərini doğrultmağa həsr edəcəyini bəyan etdi.
Sonrakı illərdə Azərbaycanın dövlətçilik institutlarının möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, iqtisadi münasibətlərin yeni prinsiplər əsasında formalaşdırılması və ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğunun hüquqi əsaslarının formalaşmasında mühüm mərhələ oldu.
Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi idi. 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji strategiyasının əsas layihələrindən birinə çevrildi. Energetika Nazirliyinin məlumatına görə, ilkin sazişdə 7 ölkəni təmsil edən 11 neft şirkəti iştirak etmişdi. Sözügedən strategiya Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, xarici investisiyaların cəlb edilməsinə və böyük enerji-nəqliyyat layihələrinin həyata keçirilməsinə yeni imkanlar açdı.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra dövlətçiliyimizə yönəlmiş daxili təhdidləri aradan qaldırdı, ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi və Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsini təmin etdi. Qısa müddətdə qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və Azərbaycan vətəndaş qarşıdurması təhlükəsindən xilas edildi".

Deputat bildirib ki, bununla yanaşı, nizami ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirildi, Silahlı Qüvvələrin vahid komandanlıq prinsipləri əsasında formalaşdırılması dövlət müstəqilliyinin və milli təhlükəsizliyin mühüm dayaqlarından birinə çevrildi:
"Ümummilli Liderin tarixi xidmətlərindən biri də Azərbaycanın xarici siyasətinin milli maraqlar əsasında formalaşdırılması idi. Ulu Öndərin müəyyən etdiyi balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətləndirdi, aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlərin qurulmasına geniş imkanlar yaratdı. Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyi və milli maraqları olan suveren dövlət kimi öz yerini möhkəmləndirdi.
Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin mahiyyətinin, xalqımızın üzləşdiyi faciələrin və ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması Ulu Öndərin xarici siyasətinin əsas istiqamətlərindən biri idi. Ümummilli Lider Heydər Əliyevin beynəlxalq platformalarda apardığı ardıcıl siyasi və diplomatik fəaliyyət nəticəsində Azərbaycanın ərazi bütövlüyü məsələsi daim diqqət mərkəzində saxlanıldı və münaqişənin məhz beynəlxalq hüququn prinsipləri əsasında həlli ölkəmizin dəyişməz mövqeyi kimi ortaya qoyuldu.
Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilən siyasi-hüquqi islahatlar da müstəqil dövlət quruculuğunun mühüm istiqamətini təşkil etdi. Kütləvi informasiya vasitələri üzərində senzuranın ləğvi, ölüm hökmünün aradan qaldırılması, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman institutunun yaradılması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılan mühüm addımlar idi. Bununla da dövlət idarəçiliyində qanunun aliliyinin və insan hüquqlarının qorunmasının institusional əsasları daha da möhkəmləndirildi.
Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın mühüm enerji, nəqliyyat və kommunikasiya mərkəzinə çevrilməsinə geniş imkanlar yaratdı. Böyük İpək Yolunun bərpası, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin inkişafı, Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin reallaşdırılması istiqamətində müəyyənləşdirilən strateji xətt isə ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırdı.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm sütunlarından biri azərbaycançılıq məfkurəsi idi. Milli mənsubiyyətindən, yaşadığı coğrafiyadan asılı olmayaraq azərbaycanlıları vahid dövlətçilik ideyası ətrafında birləşdirən bu məfkurə milli həmrəyliyin, dövlətə bağlılığın və milli-mənəvi dəyərlərin qorunmasının ideoloji əsaslarından birinə çevrildi.
Ulu Öndərin siyasi irsində güclü dövlət anlayışı yalnız iqtisadi və hərbi potensialla məhdudlaşmırdı. Hüququn aliliyi, dünyəvilik, dövlət institutlarının səmərəli fəaliyyəti, milli maraqların qorunması və Azərbaycanın müstəqil xarici siyasət yürütməsi bu konsepsiyanın ayrılmaz tərkib hissələri idi. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri bütöv bir siyasi fəlsəfənin ifadəsinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri də hadisələri qabaqlayan strateji düşüncə və siyasi uzaqgörənlik idi. Ən mürəkkəb tarixi şəraitdə qəbul etdiyi qərarlar mövcud böhranın aradan qaldırılmasına, Azərbaycanın onilliklər sonrakı inkişaf perspektivlərinin formalaşdırılmasına hesablanmışdı. Məhz sözügedən dövlətçilik təfəkkürü müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasını yaratdı".
Günay Ağamalı vurğulayıb ki, 3 oktyabr Azərbaycanın müasir dövlətçilik tarixində taleyüklü dönüş nöqtəsi, müstəqil dövlətimizin möhkəmlənməsində və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm tarixi mərhələdir:
"Həmin dövrdə qəbul edilən qərarlar, yaradılan dövlət institutları və müəyyənləşdirilən strateji istiqamətlər sonrakı onilliklərdə ölkənin inkişafına birbaşa təsir göstərdi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı tarixi xidmətlərinin mahiyyəti onun bütün siyasi fəaliyyətinin mərkəzində müstəqil dövlətçilik ideyasının dayanmasında idi.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasında Azərbaycanın müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunması dayanırdı. ÜmummilliLider güclü dövlətçiliyi milli varlığımızın əsas dayağı, onun qorunmasını hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu hesab edirdi.
3 oktyabr 1993-cü ildə Azərbaycan xalqının verdiyi qərar ölkənin sonrakı siyasi və dövlətçilik inkişafında mühüm dönüş nöqtəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqlarının qorunması və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində siyasi kursun əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik irsi Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Ümummilli Liderin müstəqil, güclü və qüdrətli Azərbaycan naminə müəyyən etdiyi strateji baxış dövlətçilik tariximizdə özünəməxsus yer tutur və gələcək nəsillər üçün mühüm siyasi irsdir".