BAKI, 5 oktyabr. TELEQRAF

Azərbaycanda məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada həyata keçirilməsi üçün yeni mexanizmin yaradılması təklif edilir.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan 8-1-ci maddəyə əsasən, məhkəmə ekspertizası müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə elektron formada həyata keçiriləcək.

Sistem üzərindən məhkəmə ekspertizasının təyin edilməsi barədə qərar və qərardadların qəbulu, onların icraata yönəldilməsi, ekspertizanın sifarişi ilə bağlı müqavilə barədə məlumatların göndərilməsi, ekspertlərin və ekspertiza idarələrinin müraciətlərinin qəbulu təmin ediləcək.

Həmçinin ekspertizanın aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizanın aparılmasından imtina barədə məlumatların elektron qaydada göndərilməsi mümkün olacaq.

Elektron qaydada tərtib edilən ekspert rəyləri təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiqlənəcək.

Layihədə fiziki xüsusiyyətlərinə görə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri üçün də ayrıca mexanizm müəyyənləşdirilir. Belə obyektlər poçt vasitəsilə və ya bilavasitə ekspertə və ya məhkəmə ekspertizası idarəsinə təqdim ediləcək.