BAKI, 5 oktyabr. TELEQRAF
“Avropa İttifaqının (Aİ) strukturları Gürcüstanda dövlət çevrilişi və inqilab cəhdlərini bir dəfə də olsun pisləməyib. Bu isə həmin hadisələrin onların göstərişi ilə baş verdiyini göstərir”.
Teleqraf xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə deyib.
“Avropa strukturlarının dövlət çevrilişi və inqilab cəhdlərini pisləyən hansısa bəyanatını eşitməmişəm. Əksinə, yalnız təşviq edilib, çünki bütün bunlar onların tərəfindən əvvəlcədən planlaşdırılmışdı. Dövlət çevrilişi və inqilabla bağlı kampaniya məhz onların dəstəyi və maliyyəsi ilə başlayıb. Əsas vəzifə ölkədə hakimiyyəti devirmək idi”, - Kaladze bildirib.
Tbilisi meri əlavə edib ki, son illərdə Qərb nümayəndələri Gürcüstanda öz agentura şəbəkələrini hakimiyyətə gətirmək, daha sonra isə öz maraqlarını həyata keçirmək üçün gürcü xalqından istifadə etmək istəyirlər.
Qeyd edək ki, Gürcüstan hakimiyyəti 2025-ci il oktyabrın 4-də - bələdiyyə seçkiləri günü müxalifətin Tbilisidə keçirdiyi mitinqi “Avropa İttifaqının ölkədə dövlət çevrilişinə cəhdi” kimi qiymətləndirir.