BAKI, 5 oktyabr. TELEQRAF

Azərbaycanda pulsuz hüquqi yardım almaq üçün müraciətlərə baxılması ilə bağlı müddət müəyyənləşdirilir.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

Beləliklə, “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinə əsasən, şəxslər və ya onların qanuni nümayəndələri Vəkillər Kollegiyasına şəxsən, poçt vasitəsilə və ya elektron qaydada müraciət edə biləcəklər.

Ərizəyə şəxsin şəxsiyyətini təsdiq edən sənəd və onun pulsuz hüquqi yardım almaq hüququna malik olduğunu təsdiq edən müvafiq sənədlər əlavə edilməlidir.

Vəkillər Kollegiyası ərizə və əlavə edilmiş sənədlərə ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günü müddətində baxmalıdır. Çatışmazlıqlar aşkar edilmədikdə sənədlər pulsuz hüquqi yardım göstərəcək şəxsə göndəriləcək və ya yardım göstərilməsindən imtina barədə qərar qəbul ediləcək.

Aradan qaldırıla bilən çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə ən geci 2 iş günü ərzində məlumat verilməlidir. Ərizəçi çatışmazlıqları məlumatı aldığı tarixdən etibarən ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır.

Pulsuz hüquqi yardım göstərilməsindən imtina barədə qərar əsaslandırılmalıdır. Ərizəçi həmin qərardan Vəkillər Kollegiyasına və ya məhkəməyə şikayət verə biləcək.

Layihəyə görə, yardım göstərilməsi üçün təyin edilmiş şəxs sənədləri aldıqdan sonra 3 gün müddətində ərizəçiyə ilkin hüquqi yardım göstərməli və ya peşəkar hüquqi yardımın göstərilməsi üçün müqavilə bağlamalıdır.