BAKI, 5 oktyabr. TELEQRAF
“Almaniyanın Rusiya ilə müharibəyə cəlb olunması riski var”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəisi Martin Yeger deyib.
Kəşfiyyat xidmətinin rəhbəri Almaniyanı Rusiyanın “kölgə müharibəsi”nin hədəfi hesab edir və bildirib ki, Berlin Moskvanın Avropada hegemonluq ambisiyalarının həyata keçirilməsi yolunda mühüm maneəyə çevrilib.
“Rusiya ilə qarşıdurma yeni və daha təhlükəli xarakter alıb. Almaniyanın Rusiya ilə silahlı münaqişəyə cəlb olunmaq təhlükəsi var. Leypsiqdə dronla həyata keçirilən hücum cəhdi bunun yalnız bir nümunəsidir. Hazırda heç bir başqa ölkə Almaniya üçün bu qədər birbaşa, hərtərəfli və konkret təhlükə yaratmır. Rusiyanın xüsusi xidmət orqanları yüksək peşəkarlıqla və amansızcasına fəaliyyət göstərirlər. Almaniyadakı hədəflərə hücum təhlükəsi hələ də real və aktualdır. Buna qarşı durmalıyıq”, - o vurğulayıb.
Martın Yeger əlavə edib ki, Rusiya gələcəkdə Berlin və Avropanın digər paytaxtlarında Moskvaya qarşı siyasi qərarların qəbul edilməsini istəmir:
“Rusiya bizə qarşı kölgə müharibəsi aparır. Bu elan olunmamış müharibəni ənənəvi hərbi və ya hüquqi kateqoriyalarla dərk etmək mümkün deyil. Biz müdafiə vəziyyətində deyilik, amma bizə hücum edilir - bu, kölgə müharibəsidir”.