BAKI, 5 oktyabr. TELEQRAF
Özəl məhkəmə ekspertləri 2 min manatadək cərimələnə bilər.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.
Azərbaycanda özəl məhkəmə ekspertləri üçün yeni intizam məsuliyyəti mexanizminin yaradılması təklif edilir.
Qanun layihəsinə əsasən, normativ hüquqi aktların və icra intizamının tələblərini pozan özəl məhkəmə eksperti barəsində intizam icraatı aparılacaq.
İntizam icraatını İntizam Komissiyası həyata keçirəcək. Ekspert barəsində intizam tənbehi isə Komissiyanın yekun rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq ediləcək.
Layihədə üç növ intizam tənbehi nəzərdə tutulur:
- töhmət;
- 1 000 manatdan 2 000 manatadək cərimə;
- özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
Cərimələrdən əldə olunan vəsaitin Özəl Məhkəmə Ekspertlərinin Palatasının bank hesabına köçürülməsi təklif olunur.
Bundan başqa, ekspertə intizam tənbehi tətbiq edilməzdən əvvəl yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilməyəcək.
Layihəyə görə, intizam tənbehi pozuntunun aşkar edildiyi gündən bir il, törədildiyi gündən isə iki il keçənədək verilə bilər.