BAKI, 5 oktyabr. TELEQRAF

Azərbaycanda vəkillərin ictimai fayda naminə ödənişsiz hüquqi yardım göstərməsi ilə bağlı yeni tələb müəyyənləşdirilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində “pro bono” hüquq xidməti anlayışı təsbit edilir. Layihəyə əsasən, vəkillər bu xidmət çərçivəsində müəyyən edilmiş şəxslərə ildə 30 saatdan az olmamaqla ödənişsiz hüquqi yardım göstərməlidirlər.

“Pro bono” yardımından pulsuz hüquqi yardım almaq hüququ olan şəxslər yararlana biləcəklər. Bundan əlavə, paraleqallar, vəkil köməkçiləri və layihədə nəzərdə tutulan hüquq klinikaları tərəfindən ilkin hüquqi yardımın göstərilməsi də “pro bono” xidmətinə aid edilir.

Layihədə bu tələbin yerinə yetirilməməsinə görə maliyyə öhdəliyi də müəyyən edilir. Belə ki, vəkil tərəfindən “pro bono” hüquq xidmətinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 manat məbləğində ödəniş edilməsi nəzərdə tutulur.

Qanun layihəsində “pro bono” hüquq xidmətlərinin ayrıca uçotu və hesabatlılığı da nəzərdə tutulur. Vəkillər Kollegiyasının hər il pulsuz hüquqi yardım, o cümlədən “pro bono” xidmətləri barədə ümumiləşdirilmiş məlumatları dərc etməsi təklif edilir.