BAKI, 5 oktyabr. TELEQRAF

İnsan alveri və məişət zorakılığı qurbanlarına pulsuz hüquqi yardım veriləcək. Qanun layihəsi insan alveri və məişət zorakılığı qurbanlarının hüquqi müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

Bununla da “İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, insan alveri qurbanlarına “Pulsuz hüquqi yardım haqqında” Qanuna uyğun olaraq pulsuz hüquqi yardım göstəriləcək.

Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyə də dəyişiklik edilir. Layihədə müəyyən hallarda hüquqi yardımın dövlət vəsaiti hesabına göstərilməsi və bu yardımın “Pulsuz hüquqi yardım haqqında” Qanuna uyğun həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, pulsuz hüquqi yardım hüququnun sosial baxımdan həssas digər qruplara da şamil edilməsi təklif olunur. Bunlara sosial yardım alan ailələrin üzvləri, işləməyən əlilliyi olan şəxslər, yetkinlik yaşına çatmayanlar və digər qanunla müəyyən ediləcək şəxslər daxildir.

Layihənin əsas məqsədlərindən biri müxtəlif həssas qrupların hüquqi yardım xidmətlərinə çıxışını genişləndirməkdir.