BAKI, 5 oktyabr. TELEQRAF
Azərbaycanda pulsuz hüquqi yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən yeni qanun layihəsi hazırlanıb.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.
Layihəyə əsasən, pulsuz hüquqi yardım dövlət büdcəsinin vəsaiti hesabına ilkin və ya peşəkar hüquqi yardım formasında göstəriləcək. Sənəddə yardımın əsas prinsipləri sırasında əlçatanlıq, peşəkarlıq, operativlik, keyfiyyət, effektivlik, konfidensiallıq və maraqlar toqquşmasının yolverilməzliyi müəyyən edilir.
Qanun layihəsində pulsuz hüquqi yardımdan yararlana biləcək şəxslərin dairəsi də müəyyənləşdirilir. Buraya aztəminatlı şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, işləməyən əlilliyi olan şəxslər və işsiz kimi qeydiyyatda olan şəxslərlə yanaşı, şəhid ailələrinin üzvləri, müharibə veteranları, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu almış şəxslər, insan alveri qurbanları və məişət zorakılığından zərər çəkmiş şəxslər də daxil edilir.
Layihədə cinayət və inzibati xəta işləri üzrə müəyyən kateqoriyalara aid şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstərilməsi də nəzərdə tutulur.
Sənədə əsasən, pulsuz hüquqi yardımın təşkili, bir sıra istisnalar nəzərə alınmaqla, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən həyata keçiriləcək.