BAKI, 5 oktyabr. TELEQRAF

Şəhid ailələrinin və veteranların pulsuz hüquqi yardım hüququ qanunvericilikdə ayrıca təsbit edilə bilər.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

Azərbaycan Respublikasının bir sıra qanunlarına dəyişikliklər edilməsi barədə layihədə şəhid ailələri və veteranlarla bağlı yeni hüquqi təminatlar nəzərdə tutulur.

Layihəyə əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əlavə ediləcək müddəa ilə şəhid ailələrinə “Pulsuz hüquqi yardım haqqında” Qanuna uyğun olaraq pulsuz hüquqi yardım göstərilməsi müəyyənləşdirilir.

Eyni zamanda “Veteranlar haqqında” Qanuna yeni 20-1-ci maddənin əlavə olunması təklif edilir. Həmin maddədə veteranların müəyyən edilmiş qaydada pulsuz hüquqi yardım almaq hüququ təsbit olunacaq.

Layihədə həmçinin qaçqın statusu almış şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların arasından olan şəxslər üçün də analoji hüquqi təminatların yaradılması nəzərdə tutulur.