BAKI, 5 oktyabr. TELEQRAF

Ekoloji baxımdan ciddi narahatlıq doğuran məsələlərdən biri Ermənistanın Cermuk şəhəri yaxınlığında yerləşən Amulsar qızıl mədəninin istismarıdır.

Teleqraf xəbər verir ki, bunu "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədri Amin Məmmədov "Environmental Protection First" QHT Koalisiyasının "Ermənistan ərazisində həyata keçirilən dağ-mədən sənayesi fəaliyyətlərinin ətraf mühitə təsiri" mövzusunda keçirilən brifinqində deyib.

O bildirib ki, layihə Arpa və Vorotan çaylarının su hövzələri ilə əlaqəli ərazidə yerləşdiyindən, burada aparılan mədən işlərinin su ehtiyatlarına, biomüxtəlifliyə və Sevan gölü ilə əlaqəli ekosistemlərə potensial təsiri ilə bağlı uzun illərdir narahatlıqlar mövcuddur.

"Bern Konvensiyası çərçivəsində də layihənin ətraf mühitə və Emerald şəbəkəsinə daxil olan qorunan ərazilərə mümkün təsirləri ilə bağlı məsələlər qaldırılıb. 2018-ci ildə Cermuk sakinləri və ekoloji fəallar mədənə gedən yolları bağlayaraq layihəyə qarşı uzunmüddətli etiraz aksiyaları keçirdilər. Nəticədə işlər bir neçə il faktiki olaraq dayandırıldı. Buna baxmayaraq, sonrakı illərdə layihənin bərpası istiqamətində proses davam etdirildi.

2025-2026-cı illərdə tikinti işləri yenidən intensivləşdi. Avqustun 31-də Ermənistan hökuməti, "Lydian Armenia şirkəti" və Cermuk, Vayk və Sisian icmaları arasında icmaların inkişafına dair saziş imzalandı. Sazişə əsasən, 2027-ci ildən başlayaraq mədənin istismarı dövründə bu icmaların inkişafı üçün hər il 9 milyon ABŞ dolları ayrılması nəzərdə tutulur.

Beləliklə, Amulsar layihəsi ətraf mühitə mümkün təsirlərlə bağlı mübahisələr tam aradan qalxmadığı halda, hazırda praktiki həyata keçirilmə mərhələsinə keçib. Arpa və Vorotan çaylarının Araza axmasını nəzərə alaraq bu potensial olaraq Azərbaycanın su təhlükəsizliyinə də təhdid yaradır", - o vurğulayıb.