BAKI, 15 iyul. TELEQRAF
Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin dron hücumuna məruz qalması barədə mətbuat məlumatı 14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin Okean Maritime şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşı olub: "Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür".