BAKI, 3 noyabr. TELEQRAF

"Azərbaycanda, xüsusilə də kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac var və mən düşünmürəm ki, 5 il ərzində biz bu problemi həll edə biləcəyik".

Teleqraf xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, sovet hakimiyyəti illərində Azərbaycanda universitetlər sırasında ən aşağı reytinqli universitetlər İqtisad Universiteti, bir də Gəncədəki Kənd Təsərrüfatı Universiteti idi, hansı ki, indi Azərbaycan Dövlət Aqrar Universiteti adlanır: Hətta sovet hakimiyyəti illərində İqtisad Universiteti dörd dəfə bağlanıb, sonuncu dəfə 1987-ci ildə isə Leninqrad Maliyyə İqtisad İnstitutunun filialına çevrildi.

Amma sabiq deputat həmkarımız Şəmsəddin Hacıyevlə bu universitetdə başlanan islahatlar bu gün də Ədalət Muradov tərəfindən davam etdirilir və indi həmin universitet dünyada reytinq cədvəlində Bakı Dövlət Universitetindən sonra, 634-cü yeri tutur. Bakı Dövlət Universiteti 565-ci yerdədir.

Ona görə bu müqayisəni aparıram ki, yəni Dövlət Aqrar Universitetdə də vəziyyəti dəyişmək mümkündür. Bunun üçün sadəcə olaraq ciddi işlər görülməlidir. Bu gün İqtisad Universitetində elə fakültələr, ən azı üç ixtisasının adını çəkə bilərəm ki, orda keçid balı 600-dən artıqdır.

Amma Gəncədəki Dövlət Aqrar Universitetində vəziyyət necədir? Baxın, aqronomluq ixtisası üzrə keçid balı 169,6, aqromühəndislik-177,2 baldır. Bu ilin statistikasıdır. Su bio-ehtiyatları və akvakultura 151,5, baytarlıq təbabəti 153,4, bitki mühafizəsi 178,1, baldır.

Yəni bu cür aşağı ballarla, aşağı səviyyəli biliyə malik uşaqlarla düşünmürəm ki, biz bu sahədə köklü dəyişikliklərə nail ola bilərik. Bbu universitet ciddi şəkildə yenidən qurulmalı və islahatlar aparılmalıdır.

Bir dəfə hüquqşünas sahəsi üzrə işləməyən, amma hüquqşünas nazirlərdən biri demişdi ki, bizə hüquqşünaslar yox, aqronomlar lazımdır. Əlbəttə, ölkəyə hüquqşünaslar da lazımdır, ona görə ki, hüquqi dövlət qurmadan aqrar sahəni də inkişaf etdirmək çox çətindir.

Amma bir dəfə mətbuatda oxumadım, yaxud belə bir məlumat yayılmadı ki, doğrudan da bu sahə Nazirlər Kabinetinin iclasında bir dəfə müzakirə olunub.

Yəni bu mütəxəssis hazırlığına xüsusi diqqət yönəltməyə ehtiyac var. Bu hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri olmalıdır. Yalnız bu yolla biz bu sahədə vəziyyəti dəyişə bilərik. Şəxsən maraqlanmışam, bizim bütün aqro-parklarda, heyvandarlıq komplekslərində, bitkiçilik təsərrüfatlarında çalışan yüksək ixtisaslı mütəxəssislərin əksəriyyəti xaricilərdir, xüsusilə də Türkiyədən gələnlərdir.

Hörmətli Zahid müəllim qeyd elədi ki, hətta aqromühəndislik üzrə də mütəxəssislər ölkəyə İrandan dəvət olunur. Diqqətə çatdırmaq istədiyim ki, biz ilk növbədə diqqəti təhsilə yönəltməliyik”.