BAKI, 11 aprel. TELEQRAF

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində danışıqlar başa çatdıqdan sonra şərti sərhəddə erməni tərəfinin hərbi təxribatları ara vermir. Nə baş verir? Təxribatlarla qarşı tərəf nəyə nail olmaq istəyir?

- Prezident İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda bir sıra vacib mesajlar səsləndirdi. Ölkəmizin başçısı, həmçinin Ermənistanın təxribat xarakterli hərəkətlərinə də diqqət çəkdi. Əslində, rəsmi İrəvanın son davranışları bir daha sübut edir ki, onlar sülhün əldə olunmasında maraqlı deyil. Ermənistanın daxili vəziyyəti və Baş nazir Nikol Paşinyanın davranışları buna misaldır. Paşinyan səhər və axşam başqa-başqa bəyanatlar səsləndirir. Eyni zamanda Ermənistana havadarlıq edən dövlətlər onun Azərbaycanla sülh müqaviləsinin imzalanmasına imkan vermirlər. Şərti sərhəddə baş verən hərbi təxribatlar da məhz bu məqsədlə törədilir. Niyyətləri odur ki, sülh müqaviləsi anlayışı ümumiyyətlə, yaddan çıxsın.

- Ermənistanın sülhlə bağlı mövqeyinin daha çox qabardılması nəyə hesablanıb?

- Əslində, bu gün bəziləri Ermənistanı “sülhpərvər” ölkə kimi təqdim etməyə çalışır. Paşinyanı da “sülh göyərçini” kimi tanıdırlar. İddia edirlər ki, İrəvan sülhə hazır olduğu halda Bakı buna razılıq vermək istəmir. Təxribat törətdikləri halda digər tərəfdən özlərinin sülhə hazır olduğunu bəyan edirlər. Azərbaycanın sülhə hazır olmadığı görüntüsünü yaratmağa çalışırlar. Sözsüz ki, bunların hamısı qərəzli yanaşmalardır. Azərbaycan Prezidenti ADA-dakı forumda da bir daha ölkəmizin sülhlə bağlı mövqeyini açıq şəkildə ifadə etdi.

- Beynəlxalq birliyin Azərbaycanla Ermənistan arasında gözlənilən sülhə münasibəti necədir?

- Azərbaycanın sülhlə bağlı əsas şərtləri bəyan edilib. Ermənistanla yanaşı, dünya ictimaiyyəti də bunu bilir. ATƏT-in Minsk Qrupundan imtina və Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmayınca sülhün əldə edilməsi qeyri-mümkündür. Çünki Minsk Qrupuna indi ehtiyac yoxdur və əslində, həmsədrlər keçmiş münaqişə dövründə üzərilərinə düşən missiyanı icra edə bilmədi. Ona görə də indiki halda bu təşkilatın saxlanılması məntiqsizdir. Bu mənada rəsmi İrəvan Bakının çağırışına qoşularaq Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət etməlidir. Beynəlxalq birliyin üzvləri də bu reallığı anlamalıdır. Təəssüf ki, 30 illik işğal dövründə Ermənistana heç bir təziq etməyən beynəlxalq təşkilatlar bu gün onun sülhlə bağlı süni şəkildə ortaya atdığı manipuliyasiyalarına dəstək verirlər. Bu isə növbəti dəfə ikili standartların bariz nümunəsidir.

- Sülhün olmaması bölgə üçün nə vəd edir?

- Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamadan da öz inkişafına davam edəcək. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqazda qalıcı sülh təmin edilsin. Bununla bölgədə insanlar daha rahat və təhlükəsiz şəraitdə yaşaya bilsinlər. Əgər Ermənistan bunu istəmirsə, bu onların problemidir. Amma sülh müqaviləsi imzalansa belə, bu ölkənin təxribatlardan əl çəkəcəyi ehtimalı azdır. Hələ də bu ölkədə revanşizm meyilləri qalmaqdadır. Sadəcə olaraq, onlar indi Azərbaycanın yaratmış olduğu reallıqla barışmağa məcburdur. Bunun əksinə olacaq proseslərə isə heç kəs zamənat verə bilməz. Yəni, Azərbaycan Ermənistan tərəfindən olacaq hərbi təxribatlara sona qədər səbirlə yanaşmayacaq. Qalib Azərbaycan Ordusu istənilən təxribata artıqlaması ilə cavab verməyə hazırdır. Təxribatlar dayanmasa, buna sakit reaksiya verilməyəcək və cavab sarsıdıcı olacaq.