BAKI, 11 aprel. TELEQRAF

"Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan bu gün çox az ölkələrdəndir ki, dünyada sülhə və təhlükəsizliyə çox böyük töhfələr verir. Ölkəmizdə tez-tez keçirilən qlobal miqyaslı forumların da əsas məqsədi və hədəfi bu istiqamətdə beynəlxalq aləmə çağırışlar etməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum, regional və qlobal miqyasda mühüm əhəmiyyətə malik tədbirlərdən biridir: “Forum dünyada baş verən mürəkkəb geosiyasi, iqtisadi və ekoloji proseslərin fonunda təşkil olunur. Tədbir iştirakçıları qlobal sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa təhdid yaradan amilləri müzakirə edir və bu problemlərə qarşı birgə yanaşmaların formalaşdırılmasına töhfə verir.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır. Forum çərçivəsində yeni dünya nizamı kontekstində regional əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt və digər çağırışlar müzakirə olunur. Bu da gələcəyə yönəlmiş siyasətlərin və strategiyaların işlənməsinə şərait yaradır. Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb. Ölkə başçısının da vurğualdığı kimi, müxtəlif ölkələrdən gəlmiş ekspertlər qlobal gündəlikdə duran məsələləri müzakirə etdilər. Bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır".

Komitə sədri bildirib ki, dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin daha bir əlamətdar qələbəsidir: “Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və BMT Təhlükəsizlik Şurasına üzv olmasından sonra ölkəmizin xarici siyasətinin ən böyük uğurudur. Dövlətimizin başçısı COP29 iqlim konfransının gerçəkləşdiyi günlərdə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına uğurla nail olduğunu qeyd edib. Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulması, COVID-i idarə etmək, COP-a ev sahibliyi Azərbaycanın uğurlu təcrübələrindən hesab edilir. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda mövqeyinin möhkəmlənməsi, Avropa İttifaqı və digər bir sıra təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişafı müsbət və təqdirəlayiq haldır. Beynəlxalq aləmdə 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşamış oldu.

Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi statusa malik olması ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu. Eyni zamanda Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında Azərbaycanın Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini də bildirib. Tarix, etnik köklər, dillər arasında oxşarlıqlar, mədəniyyətlər, adət-ənənələr bu birliyin daha da möhkəmləməsində mühüm önəm kəsb edir”.

Deputat Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verdiyini söyləyib: “2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın bir çox dövlətlərlə münasibətlərinin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edilib, layihələr reallaşıb ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır. Forumda iştirak edən beynəlxalq ekspertlər Azərbaycanın müharibə zamanı təmkinli yanaşmasını və mülki infrastrukturun qorunmasını vurğulayıblar. Onlar həmçinin müharibə nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq imkanı əldə etməsini qeyd ediblər”.

Siyavuş Novruzov Azərbaycanın hazırda mühüm geosiyasi aktor kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edildiyini vurğulayıb: “Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Ölkəmizin başçısı da bu mənada Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçiliyinə diqqət çəkib. Qeyd edilib ki, ilk böhran zamanı Azərbaycan fəal rol oynayıb. Azərbaycan Türkiyə ilə müttəfiq ölkədir. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”.

Bütün bunlar onu göstərir ki, Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu da, məhz dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində qlobal miqyasda mühüm rol oynadığını bir daha ortaya qoyur. Forum 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilib. Ümumilikdə, bu forum Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirməsi, regional sülhün təşviqi və azad edilmiş ərazilərin bərpası istiqamətindəki səylərini nümayiş etdirir”.