
BAKI, 10 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiyasının Van Millət vəkili Pərvin Buldan və İstanbul Millət vəkili Sırrı Süreyya Öndəri qəbul edib.
Teleqraf xəbər verir ki, bu, Türkiyə dövlət başçısının DEM Partiya rəhbərləri ilə ilk görüşüdür.
Görüşdə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və AK Partiya sədr müavini Efkan Ala iştirak edib.
DEM Partiyasının rəhbərliyi İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.
Prezident Ərdoğanla görüşdən sonra Pərvin Buldan və Sırrı Süreyya Öndər yazılı açıqlama veriblər.
"Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyimiz görüş son dərəcə müsbət, konstruktiv, məhsuldar və gələcəyə ümid dolu bir atmosferdə keçdi. Prosesdə əldə olunanların əhəmiyyəti təsdiqləndi və növbəti mərhələlər qarşılıqlı olaraq dəyərləndirildi. Nümayəndə heyətimiz və partiyamız qarşıdakı dövrdə daha da güclü iradə və qayğı ilə sülh və demokratik cəmiyyət çağırışının həyata keçirilməsi istiqamətində işlərini davam etdirəcək. Biz bütün ölkəmizi məlumatlandırmaqdan şərəf duyuruq ki, bu gün dünənkindən daha ümidliyik", - açıqlamada deyilir.
Qeyd edək ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.
Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.