BAKI, 11 aprel. TELEQRAF

"Prezident İlham Əliyev xaraktercə təvazökar adamdır, etdiyi böyük işləri bir çox hallarda bildirmir. Bununla belə cəmiyyət Azərbaycanın vasitəçiliyi ilə regionda və onun ətrafında bir çox məsələlərin müsbət həllini görür. İki nüfuzlu ölkə, Türkiyə və İsrail arasında gərginliyin olması bir çox məsələlərə təsir edir. Bir vaxtlar Bakının vasitəçiliyi ilə Ankara-Tel-Əviv münasibətləri bərpa olunmuşdu. İsrail-Fələstin məsələsi yenidən iki ölkə münasibətlərini gərginləşdirdi. Azərbaycan bu dəfə də münasibətlərin bərpası üçün vasitəçilik təklif etdi. Tərəflərin bu vasitəçiliyi qəbul etməsi isə ölkəmizin yüksək nüfuzundan xəbər verir".

Bu sözləri Teleqraf-a Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Türkiyə-İsrail münasibətlərinin bərpası üçün digər ölkələr, hətta nüfuzlu şəxslər vasitəçilik təklif edib: “Tərəflər Azərbaycanın vasitəçiliyini qəbul edib, görüş Bakıda keçirildi. Görüşlərin uğursuz keçməsi ilə bağlı məlumat yayılsa da, həqiqət elə deyil. Tərəflərin qısa müddətdən sonra yenidən görüşmək haqqında qərar qəbul etməsi, ilkin addımların, razılaşmaların olduğunu təsdiqləyir. Sözsüz ki, Azərbaycanın bu məsələdə xidməti böyükdür”.

Deputat Bakının bu gün beynəlxalq məsələlərin həll edildiyi paytaxta çevrildiyini söyləyib: “Vaxtilə Rusiya və ABŞ ordusunun baş qərargah rəisləri iki dəfə Bakıda görüşüb. Vaxtaşırı olaraq Bakıda regiona yaxın ölkənin tədbir keçirməsi də Azərbaycanın artan nüfuzunu göstərir. Reallıq odur ki, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan, demokratik dövlət modelini uğurla tətbiq etmiş ölkə kimi tanınır”.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fazil Mustafa Prezident İlham Əliyevin sayəsində Azərbaycanın Türkiyə və İsraillə yaxın münasibətlərə malik olduğunu bildirib.

Deputat hesab edir ki, bu yanaşma ölkəmizin strateji maraqlarına uyğundur: “Azərbaycanın dostları arasında problem yaşandıqda onun ölkəmiz üçün də müəyyən çətinlikləri olur. Yəni, ölkəmiz Türkiyə və İsraillə yaxın münasibətlərdə olduğuna görə, arada olan hansısa narahatlıq və inciklik müəyyən dərəcədə öz təsirini göstərir”.

Fazil Mustafa Azərbaycan Prezidenti tərəfindən iki ölkə arasında münasibətlərin yaxşılaşması üşün ciddi işlər görüldüyünü xatırladıb: “Sözsüz ki, bundan sonra da bu istiqamətdə müəyyən işlər görüləcək. Hər halda bu məsələdə Türkiyə və İsrailin də istəyi olmalıdır. Görünən odur ki, hər iki ölkə Azərbaycanın vasitəçiliyinə isti yanaşır”.