
BAKI, 11 aprel. TELEQRAF
"Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı Beynəlxalq Forumda milli, regional və qlobal gündəliklə bağlı etdiyi çıxış yerli və beynəlxalq mediada ciddi əsk-səda doğurub. Bu təsadüfi deyil. Çünki cənab Prezident əksər dünya liderlərinin açıq və cəsarətli şəkildə deyə bilmədiyi bir çox həqiqətləri dilə gətirərək, siyasətdə səmimiliyin və dürüstlüyün nə qədər önəmli, eyni zamanda mümkün olduğunu bir daha nümayiş etdirdi".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının komitə sədri Azay Quliyev deyib.
O, dövlət başçısının vacib tezislərlə çıxış etdiyini bildirib: “İlk dəfə olaraq ictimaiyyətə açıqlandı ki, qardaş Türkiyə ilə dost İsrail dövləti arasında münasibətlərin pozulması bizi çox narahat etdiyindən 2 il öncə Azərbaycan bu münasibətlərin bərpasında əsas rol oynayıb. Dünən isə Türkiyə və İsrailin təhlükəsizlik və müdafiə qurumlarının yüksək səviyyəli nümayəndələrinin Bakıda görüşməsi və ikinci dəfə yaranmış böhranın aradan qaldırılması, xüsusilə Suriyada mümkün qarşıdurmanın qarşısının alınması istiqamətində danışıqlara başlaması Azərbaycanın nə qədər etibarlı qardaş, dost və tərəfdaş olduğunu göstərir. ABŞ Prezidenti Donald Trampın dövlətimizin başçısına Novruz bayramı ilə bağlı göndərdiyi təbrik məktubunda da Azərbaycanın İsrailə olan dostluq münasibətinin yüksək qiymətləndirilməsi də təsadüfi deyil. Ümid edirik ki, Azərbaycan yenə də Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına ciddi töhfə verəcək. Prezident İlham Əliyevin dediyi kimi, “dostlarımız arasında gərgin münasibətlərin olması həm bizim, həm onlar, həm də dünya üçün pisdir”.
Deputat ölkə başçısının vurğuladığı digər məsələnin Avropa İnsan Haqları Məhkəməsi ilə bağlı olduğunu söyləyib: “Prezident qeyd edib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, bu məhkəmənin qərarlarını tanımırıq və bu qərarların heç birinin bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edildiyimizdən bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər”. Məlum olduğu kimi Gürcüstan da AŞPA-nın qərəzli və riyakar siyasətinə etiraz olaraq fəaliyyətini bu qurumda dayandırıb. Bu isə AŞPA-nın regional siyasətinin tam iflası deməkdir. Prezidentin toxunduğu üçüncü məsələ USAID-lə bağlı idi. Dövlətimizin başçısı bəyan etdi ki, Baş Prokurorluq USAID-in qanunsuz fəaliyyətini araşdırır. İlkin araşdırmadan bu qurumun anti-Azərbaycan fəaliyyətinin miqyası, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səyləri bəlli olub və bu sənədlər hazır olan kimi Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsinlər. Milli Demokratiya İnstitutu kimi bədnam qurumların hökuməti devirmək üçün milyonlarla vəsaitin müxalifətyönlü fəallara paylaması, onların kirayələdikləri mənzillərdə “Molotov kokteylləri”nin hazırlanması və hökumət binalarına, polislərə necə hücum etməsi haqqında təlimatlarının aşkar edildiyi də qeyd olundu”.
Azay Quliyev əlavə edib ki, Prezident Trampın araşdırma üçün başladığı iş çox ümidvericidir, lakin o, dayanmamalıdır: “Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq.
Beləliklə, ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Forum növbəti uğura imza ataraq ölkəmizin dünyada qazandığı nüfuzunun ildən-ilə artdığını, Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolu, sülhün və təhlükəsizliyin təminatı üçün atdığı addımları nümayiş etdirmək üçün nə qədər effektiv platforma olduğunu bir daha sübut etdi”.