
BAKI, 10 aprel. TELEQRAF
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqədim edirik:
- Elmar müəllim, Azərbaycanla Ermənistan arasında sülhə əsas maneələrdən biri erməni tərəfinin Qarabağa dair mövzunu razılaşmaya daxil etmək cəhdi idi. Ermənistan xarici işlər nazirliyi artıq bu mövzunun sülh sazişindən çıxarıldığını bildirib. Sizcə, əsas maneələrin aradan qaldırılması fonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalana bilərmi?
- İki vacib şərt həll olunmalıdır. Bunlardan biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır. Digəri isə ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Bakı ilə İrəvan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciət etməlidirlər. Çünki tərəflər arasında mövcud olmuş münaqişə həll edilib və prosesi tənzimləməyə cavabdeh olmuş, əslində isə heç bir iş görməmiş Minsk Qrupuna ehtiyac qalmayıb.
ATƏT də qısa zamanda birgə müraciətə əsaslanaraq qərar verməlidir. Sözsüz ki, bütün bu proseslər bir qədər zaman aparan məsələlərdir. Ona görə də, bu il üçün sülh sazişinin imzalanması ehtimalı çox azdır.
- Ermənistanın ədliyyə naziri bildirib ki, yeni konstitusiya mətninin 8-10 aydan tez hazır olması mümkün deyil. Bu, o deməkdir ki, referendumun 2026-cı ildən tez keçirilməyəcək. Baş nazir Nikol Paşinyan isə 2027-ci il anonsunu verib. Belə olan halda Azərbaycan həmin vaxta qədər gözləməyə hazırdırmı və ya gözləməlidirmi?
- O vaxta qədər əslində bir çox işləri görmək mümkündür. Ən azından əldə edilən sülh razılaşması üzərində mətnin hər iki tərəfdən paraflanması ehtimalı var. Yekun sülh sazişini isə Azərbaycanın tələb etdiyi iki vacib şərt yerinə yetirildikdən sonra imzalamaq olar. Rəsmi Bakının bu iki tərələbi hüquqa əsaslanır. Çünki Ermənistanda formalaşacaq yeni siyasi sistem bu mövzunu mübahisələndirə bilər.
Paşinyan bu gün var, sabah yoxdur. Ondan sonra hakimiyyətə gələnlər deyə bilər ki, “sülh sazişi bizim konstitusiyamıza ziddir”. Bu ehtimallara qarşı Azərbaycanın haqlı tələbləri başadüşüləndir. Ona görə də tələsik sülh sazişinə imza atmaq lazım deyil. Gözləmək lazımdır ki, Ermənistan bu tələbləri icra etsin.
- Ekspertlər iddia edir ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmaq üçün referenduma ehtiyac yoxdur. Parlament səs çoxluğu ilə bu iddiaları ləğv edə bilər…
- Bu, Ermənistanın daxili işidir. Qanunvericiliklərində belə imkanlar varsa, etməlidirlər. Azərbaycan sadəcə olaraq, burada tələb edən tərəfdir. Bunu rəsmi İrəvan hansı yolla edirsə, bu onun öz məsələsidir.
Əksər ölkələr konstitusiya dəyişikliyini referendum yolu ilə həyata keçirir. Amma elə ölkələr də var ki, parlament səviyyəsində bunu həll edə bilir. Bakının yeganə tələbi Ermənistan tərəfindən ölkəmizə qarşı hər hansı iddianın hüquqi zəmindən məhrum edilməsidir. Sonrakı proseslər erməni tərəfinin öhdəliyinə aiddir.