
BAKI, 26 mart. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasına Pakistanla bağlı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Bildirilib ki, sanksiyalar Pakistan ordusunun rəisi Asim Munir və yüksək rütbəli məmurlara qarşı insan haqlarının pozulması, o cümlədən ölkənin keçmiş baş naziri İmran Xanın təqib edilməsi iddiası ilə bağlıdır.
“Pakistan Demokratiya Aktı” adlanan qanun layihəsini respublikaçı Coe Vilson və demokrat Cimmi Panetta təqdim edib. İslamabad insan haqlarının vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atmasa, 180 gün ərzində Pakistan ordusunun komandanlığına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
Nəşrin qeyd etdiyi kimi, sözügedən qanun layihəsinin ABŞ Konqresinin müzakirəsinə çıxarılması Pakistan “Ədalət Uğrunda Hərəkat”ın lobbiçilik səylərinin nəticəsidir.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci ildə parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən siyasətçi dövlət xəzinəsindən xarici hədiyyələri satdığı üçün 14 il həbs cəzası çəkir.