BAKI, 3 oktyabr. TELEQRAF
Nizami Kino Mərkəzində “Cənnətin iqamətgahı” adlı sənədli-musiqili- etnoqrafik filmin təqdimat mərasimi baş tutub.
Teleqraf xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova layihənin Prezident İlham Əliyevin sərəncəmanına əsasən “Azərbaycan mədəniyyəti - 2040” Konsepsiyası çərçivəsində hazırlandığını vurğulayıb.
"Real” Təhlil İnformasiya Mərkəzinin direktoru Mirşahin Ağayev bildirib ki, “Cənnətin iqamətgahı” adlı sənədli-musiqili-etnoqrafik filmi Azərbaycan xalqının milli-mənəvi xəritəsinin çox əhəmiyyətli bir parçasının tarixdə qalması üçün atılmış bir addımdır:
"Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın mədəni irsinə göstərdiyi diqqət və qayğı həm də belə dəyərlərin qorunması ilə müşayiət olunur.
Bu gün oktyabrın 3-dür. 1993-cü ildə ulu öndər Heydər Əliyev prezident seçildikdən sonra ilk müsahibəsini mənə vermişdi. Həmin müsahibədə bir çox məsələlərdən danışdıq və orada ulu öndərin Azərbaycan haqqında dediyi çox böyük sözlər var idi. Bu mənada mənim üçün Ordubaddan, Azərbaycanın qədim diyarının tarixi irsindən bəhs edən “Cənnətin iqamətgahı” filmi Kamran Qasımov və digər müəllif həmkarlarının ərsəyə gətirdiyi böyük bir mədəni hadisədir. Ordubad Azərbaycanın əsrarəngiz bir guşəsidir. Möhtəşəm mənzərələri ilə tarixdə qala biləcək bir xəzinədir".
Filmin rejissoru, ssenari müəllifi və prodüseri Kamran Qasımov qeyd edib ki, ekran əsərinin çəkilişləri Ordubad şəhərində və 11 kənddə baş tutub: "45 dəqiqəlik ekran əsəri üçün ümumilikdə 20 saata yaxın material çəkilib. Çəkilişlər mart, may, iyun və iyul aylarında aparılıb və ümumilikdə 14 gün davam edib. Etnoqrafik materiallar, bayatılar və musiqi filmin əsas süjet xəttini təşkil edir".
K.Qasımov qeyd edib ki, komanda olaraq film üzərində çalışarkən Ordubada fərqli yanaşmağa çalışıblar: “Filmdən tamaşaçı reaksiyasını gözləyirəm. Amma onu deyə bilərəm ki, komandamızla əlimizdən gələni etmişik. Ordubada fərqli yanaşmağa çalışmışıq. Düşünürəm ki, bu fərqli yanaşma özünün eksperimental xüsusiyyətləri ilə yeni bir mərhələnin başlanğıcını qoya bilər. Bunu cəsarətlə və əminliklə deyirəm. Bəlkə də müəyyən zamandan sonra bu film dəyərli bir salnaməyə çevriləcək. Düşünürəm ki, film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacaq".
K.Qasımov filmlə bağlı ekspert rəylərinin də müsbət olduğunu vurğulayıb: "Çalışdıq ki, 14 gün ərzində Ordubadı mümkün qədər əhatə edək".
Xalq artisti Siyavuş Kərimi bildirib ki, filmdə musiqi bayatılarla əlaqəlidir: "Mən bayatılara musiqi yazdım. Düşünürəm ki, Azərbaycan kino məkanında yeni bir filmin ərsəyə gəlməsi özü-özlüyündə tarixi hadisədir".
Qeyd edək ki, filmin bəstəkarı, Xalq artisti Siyavuş Kərimi, yaradıcılıq üzrə məsləhətçisi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və baş məsləhətçisi, “Real” Təhlil İnformasiya Mərkəzinin direktoru Mirşahin Ağayevdir.