AĞDAM, 3 mart. TELEQRAF
Ağdam rayonunun əkin sahələrində siçanabənzər gəmiricilər və taxıl böcəkləri peyda olub.
Yerli fermerlərin Teleqraf-ın Qarabağ bürosuna verdiyi məlumata görə, ziyanvericilər təkcə taxıl sahələrində yox, meyvə bağlarında da müşahidə olunur.
Qeyd edilir ki, kütləvi şəkildə profilaktik tədbirlər aparılmasa, qonşu təsərrüfatlardakı gəmiricilər qısa müddətdə sürətlə çoxalaraq yenidən dərmanlanmış sahələrə keçə bilər.
Rayon Bitki Mühafizə Mərkəzindən bildirilib ki, ümumilikdə rayon üzrə 39 min hektar əkin sahəsi var. Bunun 11 min hektarı işğaldan azad olunmuş ərazilərin payına düşür. Həmin torpaqlarda 2000 hektar sahədə zeytun və nar bağları salınıb, digər ərazilərdə isə əsasən dənli bitkilər becərilir.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin Ağdam rayon üzrə baş aqronomu Yasən Quliyevin sözlərinə görə, 2026-cı ilin əvvəlindən etibarən sink fosfid preparatından istifadə olunmaqla 491 hektar ərazidə gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Bağ massivlərində təsərrüfat subyektinin hesabına bordo məhlulu ilə qış müalicəsi aparılıb.
Yasən Quliyev qeyd edib ki, bütün dərmanlama işləri dövlət vəsaiti hesabına icra olunub.
