BAKI, 3 mart. TELEQRAF

Seneqalın keçmiş prezidenti Maki Sall rəsmi olaraq BMT-nin növbəti baş katibi olmaq üçün yarışa qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə “Africanews” məlumat yayıb.

2012-2024-cü illərdə Seneqala rəhbərlik etmiş Sallın namizədliyi hazırda Afrika İttifaqına sədrlik edən Burundi tərəfindən irəli sürülüb.

BMT Təhlükəsizlik Şurası səlahiyyət müddəti dekabrın 31-də başa çatacaq Antonio Quterreşin yerinə namizədlərin seçilməsi prosesinə başlamalıdır.

BMT-nin regional rotasiya ənənəsi var, amma 2016-cı ildə portuqaliyalı Quterreş seçiləndə Şərqi Avropanın növbəti olacağı güman edilirdi. Hazırda siyahıda növbəti Latın Amerikasıdır.

Maki Salldan başqa, Çilinin keçmiş prezidenti Mişel Baçelet və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru, argentinalı diplomat Rafael Qrossi də BMT-nin ən yüksək postuna namizəddir.

Kosta Rika da keçmiş vitse-prezident Rebeka Qrinspanı baş katib vəzifəsinə namizəd göstərib, amma hələlik BMT-yə rəsmi məktub daxil olmayıb.