BAKI, 3 mart. TELEQRAF

Özbəkistan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Şavkat Mirziyoyevin sədrliyi ilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Müşavirədə ölkənin müdafiə potensialının daha da gücləndirilməsi, hərbi təhlükəsizliyinin təmin edilməsi, eləcə də Təhlükəsizlik Şurasının bu il yanvarın 13-də keçirilən genişləndirilmiş iclasında qarşıya qoyulmuş prioritet vəzifələrin icrasının gedişi məsələləri nəzərdən keçirilib.

Müdafiə naziri qoşunların döyüş hazırlığının artırılması, bölmə və diviziyaların sürətli hazırlanması, onların müasir silah və avadanlıqlarla təmin edilməsi, hərbi-inzibati sektorların infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Dövlət başçısı Silahlı Qüvvələrin daha da inkişafı və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı müvafiq vəzifələr müəyyən edib.