MİNGƏÇEVİR, 2 mart. TELEQRAF
1977-ci ildə Mingəçevir Dövlət Dram Teatrına təyinat alan, bir ara "Azərbaycanfilm" kinostudiyasında işləməli olan Kifayət Əliyevanın zəngin xatirələri var.
Aktrisa Teleqraf-ın Mərkəzi Aran bürosu ilə həmin xatirələrinin bir qismini bölüşüb.
Onun dediyinə görə, 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirəndə əslində təyinatı Lənkəran teatrına verilibmiş:
"Eşitdim ki, Mingəçevir Dövlət Dram Teatrında İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin səhnələşdirilməsinə qərar verilib. O zamanlar İlyas Əfəndiyev yaradıcılığının vurğunu idim. Bu tamaşada rol almaqdan ötrü Lənkəran təyinatımın Mingəçevir teatrı ilə əvəzlənməsinə nail oldum. Üstəlik, həmin tamaşada əsas rollardan birini ifa etmək mənə nəsib oldu. Hətta həmin tamaşa ilə 1978-ildə Naxçıvanda qastrol səfərində olduq. Ən əsası isə bu tamaşa ölkədə ilin ən yaxşı ikinci tamaşası nominasiyasına layiq görüldü".
Yaradıcılığı boyu çoxsaylı görkəmli sənət adamları ilə çalışan Kifayət Əliyeva yaddaşında onların buraxdığı izlərdən də söz açıb:
"İsmayıl Dağıstanlı, Əliağa Ağayev, Səməndər Rzayev, Leyla Bədirbəyli, Zemfira Sadıqova, Zərnigar Atakişiyeva kimi sənətkarlarla bir sənət mühitində olmuşam. Qəlbimdə hər birinə aid yalnız xoş xatirələr yaşayır. Məsələn, Əliağa Ağayevlə Sabit Rəhmanın "Toy" tamaşasında bir səhnədə oynamışıq.
Əliağa Ağayev oğlu Vaqif Ağayevə görə Mingəçevir teatrına gəlmişdi. Nüfuzuna və təcrübəsinə rəğmən çox sadə və öyrətməyə meylli peşəkar aktyor və gözəl insan idi. Biz həvəslə onun məsləhətlərini dinləyir və uğur qazanırdıq.
Xalq artisti İsmayıl Dağıstanlının qulağı yaxşı eşitmirdi. Bir dəfə məşq zamanı dedim, İsmayıl müəllim, tamaşa gedərkən mən dediyim sözləri eşitməsəniz hər şey bərbad olmaz ki?.. Dedi, qızım, narahat olma. Mən artıq vərdiş etmişəm. Dodaqlarının tərpənişi mənə kifayət edəcək ki, nə söylədiyini anlayım".
Kifayət Əliyevanın teatr karyerasında söhbət aça biləcəyi xeyli uğurlu obrazlar var. Ən çox fəxr etdiyi obraz isə Oqtay Altunbayın müəllifi olduğu "Tomris" əsərində eyni adlı roldur. Aktrisa deyir ki, Tomris obrazını ölkə miqyasında ilk dəfə canlandırmasını özü üçün şərəfli karyera qisməti hesab edir. Baxmayaraq ki, tamaşa paytaxt teatrlarında yox, ilk dəfə Mingəçevir teatrında səhnə həyatı tapıb:
"Bu rol seçimi üçün aktyorlardan böyük tələblər vardı. İstedad, uyğunluq və sairə. Həm də seçim edənlər respublikanın tanınmış teat sənətkarları idi. Qismət mənim imiş. 1981-ci ildə quruluşçu rejissor Füzulu Sərkərovun səhnələşdirdiyi "Tomris" tamaşası çox böyük uğurla səhnə həyatı tapdı.
Hər dəfə mənə bu barədə sual verəndə etiraf edirəm ki, Tomrisin qəhrəmanlığı öz yerində, onun övlad itirən ana obrazını canlandırmaq üçün o duyğuların təsirinə düşməmək lazım idi. Xatirimdədir, məhz bu tamaşanın gərgin məşqləri zamanı qonşuluqda ağır bir faciə baş verdi. Balaca uşaq hündürmərtəbəli binanın eyvanından yıxılaraq öldü. Övladını itirən həmin ananın fəryadı bu gün də qulaqlarımda səslənir. O ananın fəryadı əsərdə Tomris ananın acısını yaşayıb nümayiş etdirməyimə güclü təkan verdi.
İllər sonrası bu tamaşa Bakı Bələdiyyə Teatrında da səhnəyə qoyuldu. Bu dəfə həmin rolu Amalya Pənahova ifa etdi".
Aktrisa 1994-cü ildə tamaşaya qoyulmuş "Şeyx Şamil"dən də söz açıb: "Maraqlısı budur ki, Mehdi Hüseynin "Şeyx Şamil " əsəri də ilk dəfə 1994-cü ildə Mingəçevir teatrında səhnə həyatı alıb. Tamaşada Şeyx Şamil obrazını Milli Qəhrəman Rəşad Mirabovun atası, Əməkdar artist Akif Mirabov oynayırdı. Mənsə onun xanımı rolunu canlandırırdım. Etiraf etməliyəm ki, bu rolu qəhrəman oğul atası olan Akif Mirabovdan başqa daha təsirli şəkildə kimsə canlandıra bilməzdi.
1997-ci ildə respublikada Şeyx Şamilin 200 illik yubileyinin keçirilməsinə qərar verilmişdi. Yalnız bizim teatrın səhnələşdirdiyi eyni adlı tamaşa yenidən oynanılmalı idi. Həm də paytaxtda. Opera və Balet Teatrında nümayiş etdirdiyimiz tamaşanı izləyənlər arasında dahi lideriniz Heydər Əliyev də vardı. Sevincimin həddi-hüdudu yox idi. Həmin anlar indi də yaxşı xatirimdədir. Mənə elə gəlirdi ki, bizi böyük tamaşaçı kütləsi deyil, yalnız ulu öndər izləyir..."
Kifayət Əliyevanın sözlərinə görə, görkəmli sənətkarlardan həmişə tərif eşidib: "Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, o vaxtlar bərabər çalışdığım görkəmli sənətkarlar mənim istedadımı yüksək qiymətləndirir, ən maraqlı tamaşalarda mənə rol həvalə edir və ən dəyərli tamaşa libaslarını mənə geyindirirdilər. Bu isə ətrafdakılar tərəfindən birmənalı qarşılanmırdı.
Onlar məşqdə və tamaşalarda açıq şəkildə kənardan xoşagəlməz səslər və digər müdaxilələrlə məni çaşdırıb, nüfuzumu aşağı salmağa çalışırdılar. Bir dəfə belə hadisəni müşahidə edən İsmayıl Dağıstanlı onlara kəskin şəkildə iradını bildirdi. Populyarlığımın ən pik zamanında Mingəçevir teatrından uzaqlaşmağımın başlıca səbəbi məhz həmkarlarımın qeyd etdiyim xoşagəlməz münasibəti idi".
Kifayət xanım bir müddət karyerasını "Azərbaycanfilm" kinostudiyasında davam etdirməsindən də söz açıb: "Müəyyən səbəblərdə teatrdan ayrılıb kinostudiyaya üz tutdum. Düzdü, kinoaktyor kimi diqqət çəkən yol keçmədim, yalnız bəzi epizodik rollar oynadım. Amma kinostudiyada çalışarkən yeni, daha böyük təcrübələr qazandım. Çoxsaylı filmlərin dublyajında iştirak etdim. Səməndər Rzayevlə dublyajda əməkdaşlıq etdik. Onunla Mingəçevir teatrından tanış idik. Həmişə haqqımda xoş sözlər deyirdi. Birgə şəkil çəkdirmişdik, dedi, bu şəkli aparıb iş otağımdan asacam, həmişə orada qalacaq.
Xatirimdədir, kinostudiyanı geniş və uzun dəhlizi vardı. Bir dəfə dəhlizə çıxıb gur səslə dedi: "Hər kəs məni yaxşı eşitsin. Bu mingəçevirli qızın xətrinə dəyən qarşısında məni görəcək..."