XOCALI, 13 noyabr. TELEQRAF

Bu gün Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç mərhələsi həyata keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-ın Qarabağ bürosuna verilən məlumata görə, Badara və Daşbulaq kəndlərinə bu gün ümumilikdə 50 nəfərdən ibarət 15 ailə köçürülüb.

Onlardan 9 ailə Daşbulaq, 6 ailə isə Badara kəndində daimi məskunlaşıb.

Yeni mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib.

M. Əfəndiyev bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu diqqət mərkəzində saxlanılır, onlara həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün lazımi şərait var.

Xatırladaq ki, əvvəlki mərhələlərdə Daşbulaq kəndinə 91 nəfərdən ibarət 21 ailə, Badara kəndinə isə 117 nəfərdən ibarət 31 ailə köçürülüb.

Hazırda hər iki yaşayış məntəqəsində sakinlərin rahat həyatı üçün bütün zəruri infrastruktur elektrik, qaz, su, rabitə və kommunal xidmətlər tam şəkildə bərpa olunub.

***

13:11

Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə köçürülən ailələr mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdamın Dördyol adlanan ərazisindən yola salınan 9 ailə olmaqla 31 nəfər, 6 ailər olmaqla 19 nəfər mənzil başına çatıb.

Daha sonra həmin ailələrə evlərin açarları təqdim ediləcək.

***

12:10

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə növbəti köç prosesi reallaşıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocalı rayonunun Daşbulaq kəndinə 9 ailə olmaqla 31 nəfər, Badara kəndinə isə 6 ailə ol olmaqla 19 nəfər köçürülür.

Köçürülən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.

Köç edən ailələr əsasən respublikanın müxtəlif yerlərində yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.