BAKI, 22 sentyabr. TELEQRAF

Dünya bazarında buğdanın bir buşeli 7,2 dollara qədər ucuzlaşıb.

Teleqraf xəbər verir ki, qiymət avqustun 28-də qeydə alınan son 3,5 ilin maksimumu olan 7,67 dollardan da aşağı düşüb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına görə, ölkənin düzənlik ərazilərinin bəzi hissələrində hava şəraitinin yaxşılaşması qışlıq buğdanın vəziyyəti ilə bağlı narahatlıqları azaldıb.

Bildirilib ki, şimali və mərkəzi düzənliklərdə son günlər yağan yağışlar torpağın üst qatında rütubət və toxumların cücərməsi haqda perspektivləri yaxşılaşdırıb:

“Bununla belə, əkin işləri orta göstəricidən geri qalır. Əkin sahələrinin 17%-ində işlər başa çatıb, halbuki son beş ilin orta göstəricisi 21%-dir. Kanzasda əkin işləri 10%, Oklahomada 4%, Texasda isə 21% səviyyəsindədir".

Eyni zamanda, Rusiya ilə Ukrayna arasında davam edən hücumlar Qara dənizdən taxıl ixracının bərpası perspektivləri ilə bağlı qeyri-müəyyənlik yaradıb. Gəmilərə və limanlara zərbələr dəniz yolu ilə daşımaları əsasən pozub.