BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycanda qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumunun hesablanması qaydası dəyişdirilir.

Teleqraf xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” Qanuna yeni 8.6-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verilərkən iddianın mübahisələndirilən hissəsinə münasibətdə qanunun 8.1-ci maddəsində müəyyən edilmiş müvafiq dövlət rüsumunun 50 faizi ödəniləcək.

Eyni qayda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizələrin verilməsinə də şamil ediləcək.

Bununla yanaşı, qanunun 8.6-cı maddəsindəki “Apellyasiya” ifadəsinin “Qiymətləndirilməyən iddialar üzrə apellyasiya” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.

Beləliklə, qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə apellyasiya şikayətlərinin dövlət rüsumu qaydaları ayrıca tənzimlənəcək.

Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.