BAKI, 27 noyabr. TELEQRAF
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə Avropa İttifaqının Qarşılıqlı Maraq Doğuran Layihəsi (PMI) statusunun verilməsi məqsədilə Avropa Komissiyasına rəsmi müraciət təqdim olunub.
Bu barədə Teleqraf-a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev deyib.
O bildirib ki, GECO şirkətinin müraciəti əsasında dəhlizin Faza 1 və Faza 2 layihələri ENTSO-E-nin növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP 2026) çərçivəsində qiymətləndiriləcək layihələrin ilkin siyahısına daxil edilib.
"Məlum olduğu kimi, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsi başa çatıb. İtaliyanın “CESI S.p.A.” şirkətinin hazırladığı sənədin yekun nəticələri iyulda Bakıda keçirilən 12-ci Nazirlər/Rəhbər Komitənin görüşündə təqdim olunub.
Oktyabrın 22-də Bakıda keçirilən investisiya forumunda isə nəticələr İtaliya şirkətləri də daxil olmaqla beynəlxalq investorlara və maliyyə institutlarına nümayiş etdirilib. Layihə üzrə Komitənin sonuncu - 13-cü iclası noyabrın 23-də Buxarestdə baş tutub.
Layihənin ilkin qrafikinə əsasən, 2029-cu ildə yekun investisiya qərarı qəbul ediləcək. 2032-ci ildə layihənin birinci mərhələsi üzrə 1,3 GVt ötürmə gücünə malik elektrik xəttinin, 2036-cı ildə ikinci mərhələnin, 2040-cı ildə isə üçüncü mərhələnin istismara verilməsi planlaşdırılır".