BAKI, 27 noyabr. TELEQRAF

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.

Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və məhkumun xəstəliyini nəzərə alıb.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib, o, həbs edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bakı Ağır Cjnayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Ali Məhkəmə isə onun cəzasını 8 il 6 aya endirib.