BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycanda məhkəməyə müraciət zamanı ödənilən dövlət rüsumlarının hesablanması qaydasında dəyişikliklər ediləcək. Yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Teleqraf xəbər verir ki, Milli Məclisə bununla bağlı “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliklərə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 25 manat dövlət rüsumu müəyyənləşdiriləcək.

Bundan başqa, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu iddianın mübahisələndirilən hissəsinə uyğun hesablanacaq.

Belə müraciətlər üzrə ödəniş qanunun 8.1-ci maddəsində nəzərdə tutulan müvafiq dövlət rüsumunun 50 faizi həcmində olacaq.

Yeni açılmış hallar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün ərizələrə də eyni hesablama qaydası tətbiq ediləcək.

Qanun layihəsində həmçinin qiymətləndirilməyən iddialar üzrə apellyasiya şikayətlərinin dövlət rüsumunun ayrıca göstərilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklər məhkəmə müraciətləri üzrə dövlət rüsumlarının hesablanmasının daha konkret qaydada tənzimlənməsinə yönəlib.

Layihə müzakirələrdən sonra qəbul edilib.