BAKI, 17 noyabr. TELEQRAF
Müşahidələr göstərir ki, dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil və bu zaman müzakirə zamanı gözlənilən səmərə əldə olunmur.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dərslik layihələrinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edildiyi halda, ictimaiyyətdən daxil olan rəylərin sayı olduqca azdır, hətta bir sıra dərsliklər üzrə isə ümumiyyətlə heç bir münasibət bildirilmir.
"Məsələn, “Azərbaycan tarixi 7” dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn üzrə mütəxəssislər tərəfindən 1000-dən çox, ictimaiyyətdən isə cəmi 21 rəy və təklif təqdim edilib. “Biologiya 9” dərslik layihəsi üzrə bu göstəricilər müvafiq olaraq fənn üzrə mütəxəssislərin 530-dan çox və ictimaiyyətin 3, “Riyaziyyat 7” dərslik layihəsi üzrə fənn üzrə mütəxəssislərin 300-dən çox və ictimaiyyətin 0, “Fizika 9” dərslik layihəsi üzrə isə fənn üzrə mütəxəssislərin 480-dən çox və ictimaiyyətin isə 0 rəy olub. Bu hal isə dərsliklərin geniş ictimai rəyə əsaslanaraq təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır", - məlumatda qeyd olunub.