BAKI, 7 oktyabr. TELEQRAF
Rusiyanın Volqoqrad neft emalı zavodu oktyabrın 2-də Ukraynanın dron hücumu nəticəsində avadanlıqların zədələnməsindən sonra emalı tamamilə dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Zavodun fəaliyyətinin dayandırılmasının neft emalı müəssisələrinə endirilən zərbələr nəticəsində Rusiyada yaranmış yanacaq qıtlığını daha da artıracağı gözlənilir.
Volqoqrad neft emalı zavodu mayın 29-u və iyulun 31-də də dron hücumları nəticəsində ciddi ziyan görüb.
Müəssisənin gücü ildə təxminən 14 milyon ton xam neft və ya sutkada 280 min bareldir. Bu, Rusiyanın bütün neft emalı gücünün təxminən 5 faizini təşkil edir.
Neft emalı zavodunun sahibi olan “Lukoyl” şirkəti agentliyin sorğusuna cavab verməyib.